Putin ABŞ ilə nüvə sazişini ləğv etdi

Oct 27, 2025 - 17:39
Putin ABŞ ilə nüvə sazişini ləğv etdi

Rusiya prezidenti Vladimir Putin ABŞ-la artıq silah dərəcəli plutoniumun utilizasiyasına dair razılaşmanı tamamilə ləğv edən qanunu imzalayıb. 

SAVASHMEDİA.az xəbər verir ki, müvafiq sənəd rəsmi hüquqi sənədlər portalında dərc edilib.

Xatırladaq ki, Rusiya bu sazişi 2016-cı ildə "şəraitdə əsaslı dəyişiklik" səbəbindən dayandırıb. Səbəb kimi Vaşinqtonun düşməncəsinə hərəkətləri göstərilib: NATO-nun şərqə doğru genişlənməsi, ABŞ-nin Avropada hərbi infrastrukturunun qurulması və anti-Rusiya sanksiyaları, o cümlədən Maqnitski Aktı və Ukrayna Azadlığına Dəstək Aktı.

Moskva daha sonra əməkdaşlığın bərpası üçün bir sıra şərtlər irəli sürüb. Bunlara yuxarıda adı çəkilən qanunların və bütün sanksiyaların ləğvi, onların vurduğu zərərin ödənilməsi və 2000-ci ildən sonra NATO-ya daxil olan ölkələrdə ABŞ-nin hərbi infrastrukturunun ixtisarı daxildir.

Yeni qanunu müşayiət edən izahat materiallarında bildirilir ki, bu şərtlərin heç birinə əməl olunmayıb. Üstəlik, ABŞ strateji sabitliyə əlavə təhlükə yaradan bir sıra yeni anti-Rusiya addımları atıb. Buna görə də müqavilənin predmeti olan plutoniumla bağlı hər hansı əlavə öhdəliklərin saxlanması yersiz hesab olunur. Müqavilənin ləğvi Müqavilələr hüququ haqqında Vyana Konvensiyasının 62-ci maddəsi ilə əsaslandırılır.

Aytən İbrahimova