Mehdiyevin məktubundakı sirli 50 nəfər - Onun çevriliş ortaqları kimdir?

Prezident Administrasiyasının və Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin hakimiyyətə gəlmək xahişi ilə Rusiyanın rəsmi dairələrinə ünvanladığı məktub cəmiyyətdə şok effekti yaradıb.

Oct 27, 2025 - 18:05
Mehdiyevin məktubundakı sirli 50 nəfər - Onun çevriliş ortaqları kimdir?

SAVASHMEDİA.az-ın xəbərinə görə, bu məktub Ramiz Mehdiyevin Azərbaycanda planlaşdırdığı dövlət çevrilişinin mahiyyətini ortaya qoymuş oldu.

Maraqlıdır, bəs Ramiz Mehdiyevin nəzərdə tutduğu çevrilişdən sonrakı planları nə olub?

Bu baxımdan Mehdiyevin ifşa olunmuş məktubundan müəyyən çıxarışların təqdim edilməsi önəmlidir.

Mehdiyev məktubunda qanunvericilik, icra və məhkəmə olmaqla hakimiyyətin üç qoldan təşkil olunacağını yazıb. daha sonra isə əlavə edib ki, hakimiyyətin bu qollarının fəaliyyətinə nəzarəti cəmiyyətdə nüfuza malik olan 50 üzvdən ibarət Dövlət Şurası nəzarət edəcək. Şuraya isə Dövlət Şurasının sədrinin rəhbərlik edəcəyi planlaşdırılır.

Sözügedən Dövlət Şurası ölkədəki siyasi və sosial-iqtisadi proseslər üzərində tam səlahiyyətə və nəzarətə malik olacaq, həmçinin ölkənin Konstitusiya Məhkəməsi və Təhlükəsizlik Şurasının funksiyalarını yerinə yetirəcəkmiş. 

Ölkənin icra hakimiyyətinə isə parlament seçkilərinin nəticələrinə əsasən seçiləcək ölkənin Baş naziri rəhbərlik edəcəkmiş. Parlament seçkilərində ən çox səs toplayan partiya liderinə dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsinə məsul olan hökumət qurmaq hüququ veriləcəkmiş.

Qanunvericilik hakimiyyəti hər 7 ildən bir keçirilən ümummilli seçkilər nəticəsində formalaşacaq ölkə parlamenti ilə təmsil olunacaqmış. 

Məhkəmə hakimiyyətinin, əvvəlllər olduğu kimi (?) ölkənin Ali Məhkəməsi və onun müvafiq strukturları tərəfindən həyata keçiriləcəyi planlaşdırılıbmış.

Mehdiyev daha sonra qeyd edir ki, onun nəzərdə tutduğu idarəçilik ölkənin parlament respublikasına keçidi təmin etməli imiş.

Digər təfərrüatlara toxunmadan məktubun qısa məzmununu təqdim etdik. 

Maraqlı olan isə Mehdiyevin təbirincə desək, 50 nəfərdən ibarət olacaq Dövlət Şurasında kimlərin təmsil olunması ilə bağlı məqamdır. Heç inandırıcı deyil ki, hər şeyi ən xırda detalına qədər nəzərə alan Mehdiyev həmin 50 nəfərin kimliyini müəyyənləşdirməmiş olsun.

Böyük ehtimalla, istintaq artıq həmin 50 nəfərlə bağlı araşdırmalara başlayıb. Odur ki, həbslərin davam edəcəyini və Mehdiyev işi ilə bağlı daha çox şəxsin istintaqa cəlb olunacağını proqnozlaşdırmaq olar.

Oğuz