"Putin istəyir ki, əvvəlcə..." - Hakan Fidan İstanbul danışıqları barədə
“Münaqişənin həlli məsələsində təmaslara başlamaq üçün Rusiya və Ukrayna yaxın günlərdə müəyyən kompromislərə gələ biləcəklər”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
“Düşünürəm ki, yaxın günlərdə tərəflər kompromis əldə edərək bir araya gələcəklər. İndi həll edilməli olan problem var. Yəni bildiyiniz kimi, ukraynalılar əvvəlcə atəşkəs, daha sonra danışıqlara başlamağı tələb edirlər. Ruslar əvvəlcə danışıqlar, sonra isə atəşkəs istəyir. Hazırda vəziyyət dalana dirənib. Hər iki tərəf Amerikanın dəstəyini qazanmağa çalışır. Və bu, normal durumdur”, - deyə Hakan Fidan vurğulayıb.
Nazirin sözlərinə görə, Türkiyə xüsusilə vasitəçi və danışıqlara ev sahibliyi edən tərəf kimi Ukrayna nizamlanmasına hər cür töhfə verməyə hazırdır.
“Biz tərəfləri mümkün qədər tez bir araya gəlib, vəziyyətə baxmayaraq, atəşkəs barədə razılığa gəlməyə çağırırıq. Biz ümid edirik ki, bu baş verəcək və bizim işlərimiz bu istiqamətdə aparılır. Bizim prezidentimiz, biz hamımız özəlliklə də vasitəçi və ev sahibi kimi sülhə hər cür töhfə verməyə hazırıq. Cənab Putin bu istiqamətdə bir təklif verdi, sonra ABŞ prezidenti Tramp bu məsələni dəstəklədi, ardınca Volodimir Zelenski daha bir təkliflə çıxış etdi. Bu, çox mürəkkəb situasiyadır, amma o müsbət istiqamətdə inkişaf edir. Və, təbii ki, bütün bunların mərkəzində Türkiyənin olması son dərəcə mühümdür”, - deyə Fidan bildirib.
Xatirə SADIQ