Tramp CİA rəhbərini qəfil Moskvaya göndərdi - Putinə hansı GİZLİ MESAJI aparıb?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Ratkliffin Moskvaya qəfil və gizli səfəri dünya mediasında ciddi suallar yaradıb.

Aug 26, 2026 - 19:50
Tramp CİA rəhbərini qəfil Moskvaya göndərdi - Putinə hansı GİZLİ MESAJI aparıb?

SAVASHMEDIA.az xəbər verir ki, Ratkliff avqustun 25-də Moskvaya gedərək Rusiya kəşfiyyatının yüksəkvəzifəli nümayəndələri ilə görüşüb. 

Səfər əvvəlcədən ictimaiyyətə açıqlanmayıb və CIA rəhbərinin Moskvaya getməsi yalnız sonradan üzə çıxıb. 

Kremlin sözçüsü Dmitri Peskov Ratkliffin Rusiya Prezidenti Vladimir Putinlə görüşmədiyini bildirib. Bununla belə, Putin görüşlərin nəticələri barədə dərhal məlumatlandırılıb. Peskov danışıqlarda konkret hansı məsələlərin müzakirə edildiyini açıqlamayıb.

Məhz bu məqam səfərin əsas sirrini ortaya çıxarıb: ABŞ-nin ən yüksək səviyyəli kəşfiyyat rəhbərlərindən biri niyə Moskvaya məhz indi getdi?

Hazırda bir neçə ehtimal müzakirə olunur. Səfərin Ukraynada davam edən müharibə, Rusiya ilə ABŞ arasında münasibətlər və İran ətrafındakı gərginliklə bağlı ola biləcəyi vurğulanır. Analitiklər Ratkliffin Moskvaya mümkün xəbərdarlıq və ya həssas danışıqlar üçün göndərilmiş ola biləcəyini də istisna etmirlər.

Digər diqqətçəkən məqam isə səfərin təhlükəsizlik tədbirləri fonunda baş verməsidir. Məlumatlara görə, Ratkliff Moskvada olduğu müddətdə Ukraynadan Rusiya ərazisinə zərbələrlə bağlı müəyyən məhdudiyyətlər istənilib. Bu detal səfərin adi diplomatik kontaktdan daha həssas olduğunu göstərən amillərdən biri kimi qiymətləndirilir.

ABŞ Prezidenti Donald Tramp isə Ratkliffin Moskva səfərini “yarımtəcili rutin” xarakterli təmas kimi təqdim edib və səfərin məqsədi ilə bağlı yayılan müxtəlif ehtimallarla bağlı susub.

Beləliklə, hazırda ən böyük sual açıq qalır: Ratkliff Moskvaya həqiqətən rutin görüş üçün getmişdi, yoxsa Vaşinqton Kremlə çatdırılmalı xüsusi mesajı məhz CIA rəhbərinə həvalə etmişdi?

Oğuz