Putin müharibəni bitirmək üçün bu 8 şərti irəli sürüb - Alyaska görüşünün sirri açıldı

Alyaskada keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa Ukraynada müharibənin dayandırılması üçün şərtlərini təqdim edib. 

Aug 17, 2025 - 11:10
Putin müharibəni bitirmək üçün bu 8 şərti irəli sürüb - Alyaska görüşünün sirri açıldı

SAVASHMEDİA.az-ın xəbərinə görə, "Reuters" bunu Avropa, ABŞ və Ukrayna liderləri arasında müzakirələrdə iştirak edən adı açıqlanmayan mənbələrə istinadən yazıb.

Putinlə görüşdən sonra Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə və avropalı həmkarlarına zəng edərək onları sammitin nəticələri barədə məlumatlandırıb və Rusiya prezidentinin təklifində yer alan əsas məqamları qeyd edib.

Əldə edilən məlumata görə, Moskvanın əsas tələblərinə aşağıdakılar daxildir:

Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətlərindən tamamilə çıxarılması;

Xerson və Zaporojye vilayətlərinin ərazilərində cəbhə xəttinin dondurulması;

Sumı və Xarkov vilayətlərində ümumi sahəsi təxminən 440 kvadrat kilometr olan ərazilərin Ukraynanın nəzarətinə qaytarılması;

Krım üzərində Rusiyanın yurisdiksiyasının rəsmən tanınması;

Rusiyaya qarşı sanksiyaların bir hissəsinin ləğvi (bunun yalnız Avropa məhdudiyyətlərinə, yoxsa Amerika məhdudiyyətlərinə də aid olduğu bəlli deyil);

Ukraynanın NATO-ya daxil olmasına qadağa, Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsinin mümkün müzakirəsi;

Müəyyən ərazilərdə və ya bütün Ukraynada rus dilinə rəsmi statusun verilməsi;

Ukrayna ərazisində Rus Pravoslav Kilsəsinin hüquqlarının bərpası.

Qeyd edək ki, nə Rusiya, nə də Amerika tərəfləri sammitdə müzakirə olunan şərtləri rəsmən təsdiq və ya dərc etməyiblər. 

Donald Trampın sammitdən sonra özünü və Putini “anlaşmaya kifayət qədər yaxın” hesab etdiyini bildirsə də, yekun qərarı Ukraynanın verməli olduğunu qeyd edib. Vladimir Zelenskinin bu təklifləri müzakirə etmək üçün bazar ertəsi Vaşinqtona gələcəyi gözlənilir.

Oğuz