Putin Trampa minnətdarlıq etdi, sülh masasında yeni şərtlər - Peskov nəyi gizlədir?
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında Rusiya-ABŞ təmasları və Ukrayna münaqişəsinin həlli istiqamətindəki son vəziyyətlə bağlı diqqətçəkən mesajlar verib.
SAVASHMEDİA.az xəbər verir ki, Kreml rəsmisi Moskva ilə Vaşinqton arasında təmasların davam etdiyini, Rusiyanın ABŞ-nin vasitəçilik səylərini yüksək qiymətləndirdiyini və üçtərəfli (Rusiya–ABŞ–Ukrayna) sülh danışıqlarının bərpa olunması ehtimalını istisna etmədiyini bildirib.
Peskov hətta Rusiya lideri Vladimir Putinin şəxsən Donald Trampa sülhün bərqərar olunmasına yönəlmiş addımlarına görə minnətdarlığını ifadə etdiyini vurğulayıb.
Bəs Kremlin bu yumşaq ritorikasının pərdəarxasında nə dayanır və müzakirə olunan əsas şərtlər hansılardır?
Sülhün açarı: "Ankoric formulu" nəyi nəzərdə tutur?
Alyaskanın Ankoric şəhərində keçirilən Rusiya-ABŞ sammitində münaqişənin həlli üçün müəyyən baza prinsipləri razılaşdırılmışdı. Diplomatik mənbələrin məlumatına görə, "Ankoric formulu" adlanan bu variant əsasən ərazi məsələlərini əhatə edir:
Donbas şərti: Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətlərindən tam çıxarılması;
Cəbhənin dondurulması: Bunun qarşılığında cəbhə xəttinin digər istiqamətlərdə (Zaporojye və Xerson) mövcud status-kvoda dondurulması.
Masada yeni şərtlər: Peskov nəyi gizlədir?
Bəyanatda ən çox diqqət çəkən məqam Peskovun ABŞ emissarlarının Moskvada təqdim etdiyi yeni şərtlərin "Ankoric formulu"ndan nə ilə fərqləndiyini açıqlamaqdan imtina etməsi olub. Amerikalı xüsusi emissarlar – Cared Kuşner və Stiv Vitkoffun Moskva və Kiyevə reallaşdırdıqları yüksəksəviyyəli missiyanın yekununda Trampın Putin və Zelenski ilə birbaşa danışacağı gözlənilir.
Kreml rəsmisinin detal verməməsi iki əsas səbəblə izah olunur:
Diplomatik məxfilik: Təkliflər hələ ilkin müzakirə mərhələsindədir və prosesin pozulmaması üçün detallar məfili saxlanılır;
Kiyev görüşünün nəticəsi: ABŞ nümayəndələri Moskvadan sonra KiyevdəUkrayna rəhbərliyi ilə danışıqlar aparır. Kreml Vaşinqtonun Kiyevdən gətirəcəyi yekun cavabı gözləyir.
Yekun mənzərə
Dmitri Peskovun son açıqlamaları göstərir ki, Moskva Vaşinqtonla diplomatik kanalları açıq saxlayır və ABŞ-nin vasitəçilik rolunu dəstəkləyir. Lakin Kreml eyni zamanda əsas hesab etdiyi ərazi tələblərindən geri çəkilmək niyyətində olmadığını və növbəti addımın Kiyevin mövqeyindən asılı olacağını açıq şəkildə bəyan edir.
Oğuz