Putin Ukraynadakı müharibəyə görə Qərbi ittiham etdi

Ukraynada genişmiqyaslı müharibə Kiyevdə Qərbin dəstəklədiyi “dövlət çevrilişi” və ölkəni NATO-ya “sürükləmək” cəhdlərinin nəticəsi olub.

Sep 1, 2025 - 13:04
Putin Ukraynadakı müharibəyə görə Qərbi ittiham etdi

SAVASHMEDİA.az TASS-a istinadən xəbər verir ki, bu iddia ilə Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında çıxış edib. 

“Bu böhran Rusiyanın Ukraynaya hücumu nəticəsində deyil. Ukraynada Qərbin dəstəklədiyi və təxribatına məruz qalan dövlət çevrilişi, daha sonra Ukraynanın həmin regionlarının və Ukraynada bu çevrilişi qəbul etməyən, ona dəstək verməyən insanların müqavimətini silahlı qüvvələrdən istifadə edərək yatırtmaq cəhdləri nəticəsində yaranıb”, - deyə Putin vurğulayıb.

Onun sözlərinə görə, “dövlət çevrilişi” nəticəsində “Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyən siyasi rəhbərlik kənarlaşdırılıb”. 

Putin diqqətə çatdırıb ki, Kiyevin NATO-ya potensial qoşulması “Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradır”. 

O, “təhlükəsizlik sahəsində ədalətli tarazlığın” bərpa olunması, Ukraynada hərbi münaqişənin nizamlanmasının davamlı və uzunmüddətli olması üşün bir daha böhranın “ilkin səbəblərini” aradan qaldırmağa çağırıb.

Putin bildirib ki, ABŞ prezidenti Donald Trampla görüşündə əldə olunan “anlaşmaların sülhə gedən yolu” açacağına ümid edir.

Göründüyü kimi, Ukraynanın ərazisinin 20 faizini işğal edən Putin “adımı sənə qoyum, səni də yana-yana qoyum” davranışından əl çəkmək niyyətində deyil.  

Ukrayna mediası işğalçı dövlətin liderinin çıxışı “Putinin növbəti dəfə yalan söyləməsi” kimi qiymətləndirib. 

Xatırladaq ki, Rusiyanın qonşuluğunda olan Finlandiya 2023-cü ildə NATO-ya qəbul edilib və indiyədək Moskva üçün heç bir təhdid yaratmayıb. 

Xatirə SADİQ