“Putinə şans vermək olmaz, Rusiya məğlub olmalıdır” – Estoniya kəşfiyyatının rəhbəri
“Ukraynada müharibə dondurulsa belə, münaqişə başa çatmayacaq və uzunmüddətli sülh üçün Ukraynanın qələbəsi lazımdır”.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Estoniya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Kaupo Rozin DW telekanalının “Conflict Zone” proqramına müsahibəsində bildirib.
O, Ukraynadakı hərbi münaqişənin tezliklə diplomatik həllinə, Rusiya ilə güzəştə getmək istəyini nümayiş etdirən, Moskva ilə münasibətlərin yenidən qurulmasının mümkün, hətta qaçılmaz olduğuna inanan bəzi Qərb siyasətçilərinin fikri ilə razılaşmadığını vurğulayıb.
“Əminəm ki, indiki Rusiya rejimi strateji olaraq məğlubiyyətə uğradılmalıdır. Çünki əgər Putin öz hədəflərinə qismən belə nail olsa, o, davam edəcək. Ona görə də hətta biz hansısa anda dondurulmuş münaqişə və ya buna bənzər bir şeylə qarşılaşsaq belə Ukraynadakı müharibə ortamüddətlıi perspektivdə başa çatmayacaq”, - deyə K.Rozin əlavə edib.
Onun sözlərinə görə, Ukrayna müharibəsində daha çox iradə və resurslara malik olan tərəf son nəticədə qalib gələcək:
“Əgər biz münaqişənin uzunmüddətli həllindən danışırıqsa, mən bizim üçün ukraynalıların sonda qalib gəlməsini təmin etməkdən başqa variant görmürəm. Və düşünürəm ki, bunu, həqiqətən etmək olar”.
Xatirə SADİQ