Putini dəstəkləyən müğənninin konserti ləğv olundu - Rumıniyada
Rumıniyanın Kluj-Napoka şəhərində Rusiyanın tanınmış opera müğənnisi Anna Netrebkonun konserti ləğv edilib.
SAVASHMEDİA.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.
Ukraynanın Rumıniyadakı səfirliyinin məlumatına görə, oktyabrın 6-da müğənninin Transilvaniya Filarmoniya Orkestri ilə konserti, həmçinin Netrebkoya George Dima adına Milli Tibb Akademiyasının fəxri doktoru adının verilməsi planlaşdırılırdı.
Səfirlik buna yol verməmək üçün Milli Musiqi Akademiyasının rektoru, Rumıniya qraflığı və dövlət qurumları, xüsusilə Rumıniyanın Xarici İşlər Nazirliyi (XİN) və Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələrini bu prosesə cəlb edib.
“Rumıniya tərəfi Netrebkonun çıxışını ləğv etməklə Rusiyanın “mədəni-bədii tədbirləri” adlanan hibrid təsirinə qarşı mübarizə kontekstində Ukrayna ilə anlaşma və həmrəylik nümayiş etdirdi. Rusiya təcavüzkar və qanlı müharibəsini davam etdirənə, hərbçiləri isə hər gün hərbi cinayətlər törədənə qədər beynəlxalq təcrid davam etdirilməlidir. Mədəniyyət təcavüzkarın reputasiyasını təmizləmək üçün alət kimi istifadə edilə bilməz”, - deyə səfirlikdən bildirilib.
Qeyd edək ki, Ukrayna hökuməti Putin siyasətini açıq şəkildə dəstəklədiyi üçün Anna Netrebkoya qarşı sanksiyalar tətbiq edib.
Xatırladaq ki, Anna Netrebko tanınmış vokalçı, Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazovun keçmiş həyat yoldaşıdır. Netrebkodan fərqli olaraq Yusif Eyvazov qonşularının torpaqlarını işğal edən təcavüzkar ölkələrə hörmət etmədiyini erməni vokalçı ilə eyni səhnəyə çıxmaqdan imtina etməklə göstərmişdi.
Xatirə SADİQ