Putinin "BRİKS dollar"ı  planı alınmadı - Müttəfiqlər riskə getmək istəmir 

Rusiya prezidenti Vladimir Putinin BRİKS-i dünya düzənini və dolların hegemonluğunu sarsıdacaq anti-Qərb koalisiyasına çevirmək ideyası blokun əsas üzvü olan ölkələr tərəfindən həvəslə qarşılanmayıb. 

Oct 22, 2024 - 21:03
Putinin "BRİKS dollar"ı  planı alınmadı - Müttəfiqlər riskə getmək istəmir 

SAVASHMEDİA.az “The Moscow Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Hindistan rəsmiləri “Bloomberg”ə bildiriblər. 

Onların sözlərinə görə, Hindistan BRİKS-in Rusiya və Çinin üstünlük təşkil etdiyi “anti-Amerika” təşkilatına çevrilməsinə yol vermək istəmir. Buna görə Yeni Dehli ötən il 6 yeni ölkənin qoşulduğu BRİKS-in daha da genişlənməsinə qarşıdır. Hindistanın bu mövqeyini Braziliya və CAR da dəstəkləyir. 

Yeri gəlmişkən, BRİKS üzv-ölkələrin maliyyə nazirlərinin və Mərkəzi banklarının rəhbərlərinin sammit ərəfəsində Moskavada keçirilən görüşünə Çin, Hindistan və CAR məhəl qoymayıb. Bu ölkələr görüşə nazir müavinlərini və kiçik məmurlarını göndəriblər. 

“Ukraynaya təcavüzdən sonra Rusiyanın ən iri ticarət tərəfdaşına çevrilən Çin hətta hesab edir ki, Putinin dollarsız ödənişlər barədə ideyasını həddindən artıq ambisiyalıdır”, - deyə Çin Xalq Universitetinin Avropa araşdırmaları mərkəzinin direktoru Van İvey bildirib.

Onun sözlərinə görə, Rusiyadan fərqli olaraq BRİKS-in digər üzv ölkələri Qərb sanksiyaları altında deyil və onların dünya maliyyə düzəninin yenidən qurulmasında birbaşa motivləri yoxdur. 

Xatırladaq ki, Putin dolların diktəsinə son qoyulması üçün 2022-ci ildə BRİKS-ə öz ortaq valyuta ehtiyatını yaratmağı təklif edib.

Xatirə SADİQ