"Putinlə görüşə gedirəm, başa düşürəm ki, risklidir, amma..." - Leks Fridman

Yanvarın əvvəlində Ukrayna prezidenti Vladimir Zelenskidən müsahibə alan amerikalı podkaster Leks Fridman indi də Rusiya lideri Vladimir Putinlə görüşmək niyyətindədir.

Jan 22, 2025 - 21:38
"Putinlə görüşə gedirəm, başa düşürəm ki, risklidir, amma..." - Leks Fridman

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Meduza" yazıb.

“Zelenskidən müsahibə almışam, indi də Vladimir Putindən müsahibə almaq üçün Rusiyaya gedəcəm. Mən riskləri başa düşürəm, amma məqsədim sadəcə olaraq sülhə nail olmaq, sülhün əldə olunmasına öz kiçik töhfəmi verməkdir”, - aparıcı deyib.

Fridmanın sözlərinə görə, 2022-ci ildə müharibə başlayandan bəri sülh üçün üç fürsət yaranıb: 

"İlk fürsət 2022-ci ilin mart-aprel aylarında, Ukrayna qüvvələri Kiyevi müdafiə edərkən, ikincisi - həmin ilin payızında Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində uğurlu əks-hücumundan sonra, üçüncüsü isə indi yaranıb".

Fridman əlavə edib ki, Tramp dünya liderləri tərəfindən hörmət edildiyi üçün hər iki ölkəni sülhə apara biləcək şəxsdir. 

“Düşünürəm ki, həm Zelenski, həm də Putin Trampdan qorxur. O, sülhə nail olmaq üçün əla namizəddir, çünki onlar Trampın çılğın şeylər edə biləcəyinə inanırlar”, - Fridman deyib.

Fridman Rusiyaya nə vaxt gedəcəyini və müsahibə üçün hər hansı hazırlıqlarının olub-olmadığını dəqiqləşdirməyib. Kreml Fridmanın Putinlə müsahibəsi ilə bağlı sözlərinə hələlik münasibət bildirməyib.

Oğuz