“Qaniçən idbarlar” – Slovakiyanın baş naziri jurnalistləri hədələdi
Slovakiyanın baş naziri Robert Fitso aparıcı KİV jurnalistlərini “qaniçən idbarlar” adlandırıb və onları yeni məhdudlaşdırıcı tədbirlərlə, o cümlədən milli mediaya nəzarət qurumunun yaradılması ilə hədələyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Çərşənbə axşamı keçirilən mətbuat konfransı zamanı jurnalistlərdən biri ona hakim koalisiyadakı gərginlik barədə sual verdikdən sonra Fiko özündən çıxıb. “Parlament seçkilərinin ilk günündən siz bizi bir dəqiqə belə tək qoymadınız. Siz qaniçən əclaflar kimi bizə qarşı çıxdınız. Yazılarınızı özünüzdən sonra oxuyursunuz? Məncə, oxumursunuz... Bu, tam nifrətdir. Siz iblisin əsirisiniz”, - deyə Fitso əsəbiləşib.
Baş nazir may ayında sui-qəsdə məruz qalmasına görə məhz jurnalistləri ittiham edib: “Siz yalnız zərər, zərər və bir daha zərər istəyirsiniz, buna görə [cəmiyyətdə] belə atmosfer var”.
O, daha sonra hökumətin hər hansı məsuliyyəti olmadan istədikləri hər şeyi edən KİV-ə qarşı görə biləcəyi müxtəlif tədbirləri sadalayıb və bildirib ki, hərəkətə keçməli olduqları vaxt gəlib çatıb.
Baş nazir əlavə edib ki, Slovakiyada heç bir Avropa İttifaqı ölkəsində mövcud olmayan “media qarışıqlığı” var.
O, bəyan edib ki, milli media orqanının yaradılması ideyasını və səhv məqalələrini düzəltməyən jurnalistlərə qarşı sanksiyaları dəstəkləyir. Onun fikrincə, bütün jurnalistlər yenidən ixtisasartırma kurslarından keçməlidirlər.
Qeyd edək ki, müxalifət siyasətçiləri buna qəzəblə reaksiya veriblər. Onlar jurnalistləri “qaniçən idbarlar” adlandırmaqla baş nazirin bütün xətləri keçdiyini vurğulayıblar və xatırladıblar ki, jurnalistlərə nəzarət edəcək milli media orqanının yaradılması ideyası, bəlkə də yalnız Şimali Koreyada mövcud olan mediaya senzura və məhdudlaşdırma cəhdindən başqa bir şey deyil.
Xatırladaq ki, 2018-ci ildə Fitsonun üçüncü baş nazirlik dövründə araşdırmaçı jurnalist Jan Kutsyak və onun nişanlısı Martina Kusnirovanın öldürülməsi, 1989-cu ildə kommunizmin süqutundan sonra ölkədə ən böyük etirazlara və Fikonun istefasına səbəb olmuşdu.
Xatirə SADİQ