"Qarabağ"ın dünənki oyununda qanunsuz mərc reklamı - Klubdan AÇIQLAMA 

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”ın “Nyukasl” klubu ilə qarşılaşması təkcə idman mübarizəsi ilə deyil, reklam görüntüləri ilə də diqqət çəkib. 

Feb 19, 2026 - 15:18
"Qarabağ"ın dünənki oyununda qanunsuz mərc reklamı - Klubdan AÇIQLAMA 

SAVASHMEDİA.az xəbər verir ki, qarşılaşma zamanı televiziya yayımında “bet365” mərc şirkətinin reklamının açıq şəkildə nümayiş olunduğu müşahidə edilib. 

Məsələ ondadır ki, Azərbaycan qanunvericiliyinə əsasən, ölkə ərazisində qanunsuz sayılan mərc və qumar oyunlarının reklamı qadağandır. “bet365” isə Azərbaycanda lisenziyası olmayan, fəaliyyəti rəsmi şəkildə icazə verilməyən mərc şirkətləri sırasında yer alır. 

Bu baxımdan, sözügedən şirkətin reklamının beynəlxalq turnir çərçivəsində yayımlanması hüquqi ziddiyyət kimi qiymətləndirilir.

Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən stadionda və onun ətraf ərazisində “Bet365” mərc oyunun reklamı fiziki olaraq yerləşdirilməyib:

“Ümumiyyətlə, reklam real məkanda mövcud olmayıb. Bu görüntü VBR (Virtual Board Replacement)  adlanan texnologiya vasitəsilə formalaşdırılıb. Həmin sistem canlı yayım zamanı stadiondakı reklam lövhələrinin rəqəmsal şəkildə dəyişdirilməsinə imkan verir. Yəni televiziya izləyicisi üçün görünən reklam, stadionda olan tamaşaçılar üçün mövcud olmayıb. Bu səbəbdən yayımlanan görüntülərə görə stadionun və yerli təşkilatçıların birbaşa məsuliyyəti yoxdur”.

Qeyd edək ki, VBR texnologiyası canlı yayım zamanı stadiondakı reklam lövhələrinin rəqəmsal şəkildə dəyişdirilməsinə imkan verir. Bu o deməkdir ki, stadionda olan azarkeşlər tamamilə fərqli reklamlar gördüyü halda, televiziya tamaşaçıları yayım hüququnu alan tərəfin müəyyən etdiyi rəqəmsal reklamları görürlər.