“Qərb liderləri ilə Rusiyaya cavab hazırlamaq üçün işləyirik” – Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevdəki “qərar qəbuletmə mərkəzlərinə” hücum etmək üçün yeni “Oreşnik” hipersəs raketindən istifadə edə biləcəyi ilə bağlı Vladimir Putinin təhdidini pisləyib.

Nov 29, 2024 - 13:31
“Qərb liderləri ilə Rusiyaya cavab hazırlamaq üçün işləyirik” – Zelenski

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə Zelenski gecə videomüraciətində bildirib.

“O, bu müharibəni bitirmək niyyətində deyil. Üstəlik, Putin başqalarının müharibəni bitirməsinə mane olmaq istəyir. Putin vəziyyəti o dərəcədə gərginləşdirmək istəyir ki, prezident Trampın cəhdləri boşa çıxsın. Beləliklə, o, müharibəni bitirə bilməsin”, - deyə Zelenski söyləyib.

Ukraynanın dövlət başçısı Rusiyanın 1 milyondan çox insanı elektrik enerjisindən məhrum edən zərbələr zamanı kasetli döyüş sursatlarından istifadə etməsini “qeyri-adi eskalasiya” adlandırıb. 

Zelenski həmçinin bildirib ki, o, NATO-nun baş katibi Mark Rutte, Böyük Britaniyanın baş naziri Kir Starmer və Almaniya kansleri Olaf Şolts da daxil olmaqla Qərb liderləri ilə Rusiyanın vəziyyəti daha da dözülməz hala gətirmək və müharibəni uzatmaq cəhdinə cavab hazırlamaq üzərində işləyir.

Qeyd edək ki, Qərb ekspertləri Putinin Rusiyanın ötən həftə Dneprdə ilk dəfə atdığı “Oreşnik” raketinin ələ keçirilə bilməməsi ilə bağlı iddialarına şübhə ilə yanaşır.

Xatirə SADİQ