“Qladiator” indi də sovet casusu roluna çəkiləcək
Məşhur amerikalı kinoaktyor Rassel Krou “Milyard dollarlıq casus” trillerində sovet vətəndaşının obrazını canlandıracaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Deadline” yazıb.
Filminin ssenarisi Devid Hoffmanın “Milyard dollarlıq casus. Sovet İttifaqında Amerika xüsusi xidmətinin ən cəsarətli əməliyyatının hekayəsi” əsərinin motivləri əsasında yazılıb. Pulitzer mükafatı laureatı olan Devid Hoffman “Washington Post” qəzetinin Moskva bürosunun keçmiş rəhbəri olub.
Hollivud ulduzunun budəfəki qəhrəmanı Sovet İttifaqında ABŞ üçün dəyərli agentə çevrilmiş sovet vətəndaşı Adolf Tolkaçev olacaq. Süjetə görə, hadisələr soyuq müharibə dövründə baş verir.
Bu, məxfi xidmətlər tərəfindən “Sfera” çağırış işarəsi verilmiş agent haqqında əsl hekayədir. Mühəndis və konstruktor Tolkaçev özü xidmətlərini Mərkəzi Kəşfiyyat İdarəsinə təklif edərək bir neçə illik casusluq fəaliyyəti ərzində minlərlə səhifəlik qiymətli məxfi sənədləri ABŞ-yə ötürmüşdü.
Qeyd edək ki, aprelin 7-də “Qladiator”, “Şüur oyunları” kimi filmlərdən tanıdığımız Rassel Krounun 61 yaşı tamam olacaq. Uzun karyerası ərzində əslən Yeni Zelandiyadan olan aktyor Ridli Skott, Maykl Mann, Darren Aronofski və Ron Hovard kimi rejissorların filmlərində rol alıb. O, Oskar və iki “Qızıl Qlobus” mükafatlarına layiq görülüb.
Xatirə SADİQ