Qlaukoma (qara su) xəstəliyi - Əlamətləri, növləri və müalicə üsulları

El arasında “qara su” olaraq da adlandırılan qlaukoma (və ya qlaukom, bəzən "göz təzyiqi xəstəliyi" kimi də tanınır) görmə sinirinə (optik sinirə) zərər verən xroniki göz xəstəliyidir. 

May 13, 2025 - 16:39
Qlaukoma (qara su) xəstəliyi - Əlamətləri, növləri və müalicə üsulları

SAVASHMEDİA.az xəbər verir ki, əsasən göz daxili təzyiqin artması (normal göz təzyiqi 10–21 mmHg-dir) ilə özünü biruzə verir. Görmə siniri zədələndikdə, insanın görmə sahəsi daralır (əvvəlcə periferik görmə itir) və müalicə olunmazsa, zamanla tam korluğa səbəb ola bilir.

Xəstəlik çox zaman ağrısız və simptomsuz başlayır, buna görə "səssiz oğru" da adlandırılır.

Qlaukomanın açıq və qapalı bucaqlı,ikincili və doğuşdan olmaqla 4 növü var.

•    Açıq bucaqlı qlaukoma – ən geniş yayılmış formadır. Yavaş inkişaf edir və adətən simptom vermir.
•    Qapalı bucaqlı qlaukoma – qəfil baş verə bilər, ağrılı olur və təcili müalicə tələb edir.
•    İkincili qlaukoma – digər göz xəstəlikləri və ya travmalar nəticəsində inkişaf edir.
•    Doğuşdan (kongenital) qlaukoma – nadir haldır, körpələrdə doğuşdan etibarən yaranır.

Qlaukomanın əlamətləri növlərinə görə dəyişir:

•    Görmə yavaş-yavaş itir (xüsusilə yan tərəfdən)
•    Baş ağrısı, göz ağrısı (xüsusilə qapalı bucaqlı qlaukomada).
•    Gözdə bulanıqlıq
•    İşıq ətrafında halə görmək.
•    Qəfil görmə itkisi (nadir hallarda).

Xəstəliyin diaqnozu üçün göz daxili təzyiq ölçülməli (tonometriya), görmə sahəsi testləri edilməli, göz dibi və görmə sinirinin vəziyyəti yoxlanılmalıdır.

Qlaukomanın müalicəsində göz təzyiqini aşağı salmaq üçün damlalar, dərman preparatları təyin oluna, lazer terapiyası edilə bilər. Müalicənin təsiri olmadıqda isə cərrahi müdaxilə tətbiq olunur.

Şəkərli diabet xəstələri, 40 yaşdan yuxarı şəxslər, ailəsində qlaukoma xəstəsi olanlar xüsusi risk qrupuna daxildir.

Qeyd edək ki, qlaukoma erkən mərhələdə aşkar edilsə, görmə itkisi yavaşladılıb, dayandırıla bilər.Lakin zədələnmiş görmə bərpa olunmur. Bu səbəbdən də müntəzəm göz müayinələri (3 və ya 6 aydan bir) etdirməyiniz məsləhətdir.

Banu