"Qorxduğuma görə Putinlə şəxsən görüşmədim" - Merkel

“COVID-19 pandemiyası Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal etmək qərarına təsir edib”.

Oct 6, 2025 - 15:22
"Qorxduğuma görə Putinlə şəxsən görüşmədim" - Merkel

SAVASHMEDİA.az “Bild” nəşrinə istinadən xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel Macarıstanın “Partizan” layihəsinə müsahibəsində bildirib.

Merkelin fikrincə, pandemiya zamanı Putinlə birbaşa danışıqların olmaması Ukrayna ilə bağlı kompromislərin əldə olunmasını çətinləşdirib.

Merkel deyib ki, o dövrdə koronavirus pandemiyasından qorxduğu üçün Putinlə şəxsən görüşə bilməyib, videokonfrans isə bunun üçün kifayət deyil. 

“Əgər görüşə bilməsəniz, fikir ayrılıqlarınızı üz-üzə müzakirə edə bilməsəniz, yeni kompromislər tapa bilməyəcəksiniz”, - deyə Merkel iddia edib. 
 
Buna görə də Merkelin sözləriunə görə, Rusiyanın siyasi cəhətdən bu qədər radikallaşmasının və nəticədə Ukraynaya hücum etməsinin əsas səbəbi koronavirusdur.

Sən demə, Ukraynaya müharibə elan edən, 3 ildən çox müddət ərzində əsassız olaraq müstəqil Ukraynanın şəhər və kəndlərini viran qoyduran, dinc və günahsız insanları qətlə yetirtdirən imperiya xislətli Putin deyilmiş, “günah” pandemiyada imiş.

Xatırladaq ki, Ukrayna tərəfi hesab edir ki, Rusiyanın azğınlaşmasına görə Merkel və Sarkozi məsuliyyət daşıyır. Almaniya kansleri olarkən məhz Merkel və bəzi ona bənzər siyasətçilər 2008-ci ildə Buxarestdə keçirilən sammitdə Ukraynanın NATO-ya qəbul edilməsinin əleyhinə olub. Halbuki, ABŞ prezidenti Corc Buş (oğul) israrla Ukraynanın NATO-y üzv qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.  

Xatirə SADİQ