Rubio Panamaya xəbərdarlıq etdi – “Kommunist Çininə imkan verməyəcəyik”
Donald Tramp administrasiyası Panama kanalı zonasına Çinin təsirini azaltmaq üçün ultimatum verib.
SAVASHMEDİA.az ABŞ Dövlət Departamentinə, “Reuters” və “Associated Press”ə istinadən xəbər verir ki, bu dövlət katibi Marko Rubionun Panama prezidenti Xose Raul Mulino ilə görüşü zamanı baş verib.
Rubio bildirib ki, Çin Kommunist Partiyasının Panama kanalı üzərində nəzarəti və təsirini saxladığı hazırkı vəziyyət bu su marşrutunun fəaliyyəti üçün birbaşa təhlükədir və kanalın daimi neytrallığı haqqında müqaviləsini pozur.
Dövlət katibi Panama rəsmilərinə bununla bağlı ABŞ prezidenti Donald Trampın ilkin qərarını çatdırıb və bu status-kvonun qəbuledilməz olduğunu açıq şəkildə ifadə edib. Rubio qeyd edib ki, dərhal dəyişiklik olmazsa, Birləşmiş Ştatlar müqaviləyə əsasən hüquqlarını qorumaq üçün lazım olan tədbirlərin görülməsini tələb edəcək.
“Birləşmiş Ştatlar Çin Kommunist Partiyasının Panama kanalına effektiv və artan nəzarətini davam etdirməsinə icazə verə bilməz və verməyəcək”, - deyə Rubio “X” sosial şəbəkəsində yazıb.
Rubio yarımkürədə qeyri-qanuni miqrasiya böhranına son qoymaq üçün birgə səylərin vacibliyini nəzərə çatdırıb və Daryen dəhlizi vasitəsilə qeyri-qanuni miqrasiyanın azaldılmasına imkan verən birgə repatriasiya proqramına verdiyi dəstəyə görə Mulinoya təşəkkür edib.
Dövlət Departamentinin press-relizində deyilib ki, bu görüş ABŞ və Panama arasında prezident Trampın baxışına uyğun gələn strateji münasibətlərin canlandırılmasında mühüm addımdır.
Xatırladaq ki, yanvarın sonunda Panama prezidenti Xose Raul Mulino Panama kanalının mülkiyyəti ilə bağlı ABŞ ilə danışıqlar aparmayacağını bildirmişdi.
Atlantik və Sakit okeanları birləşdirən Panama kanalı təxminən 80 km uzunluğundadır. Bu kanal dünyanın ən mühüm dəniz ticarət yollarından biri hesab olunur. Hər il kanaldan 300 milyon tondan çox yük daşıyan 14 minə yaxın gəmi keçir.
Kanala nəzarət 1977-ci ildə imzalanmış Torrixos-Karter sazişinə əsasən 1999-cu ildə ABŞ tərəfindən Panamaya verilib. Kanal qlobal ticarət və ABŞ-nin milli təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edir.
Xatirə SADİQ