Rusiya bu müxalifətçini axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi (DİN) mühacirətdə yaşayan müxalif siyasətçi İlya Yaşini axtarışa verib.

Dec 26, 2024 - 09:54
Rusiya bu müxalifətçini axtarışa verdi

SAVASHMEDIA.az xəbər verir ki, bu barədə “Mediazona”ya istinadən “Azadlıq radiosu” məlumat yayıb. 

Məlumata görə, Yaşinin Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olduğu bildirilir. Bundan öncə ona qarşı yeni cinayət işlərinin açılması ilə bağlı heç bir məlumat olmayıb.

Yaşin özü yeni təqiblərdən xəbərsiz olduğunu deyib: “Görünür, Rusiyaya qayıtmaq qərarına gəlsəm, məni dərhal hava limanında həbs etmək üçün sakitcə cinayət işi açıblar. Əlbəttə, təəccüblənmirəm”.

Xatırladaq ki, İlya Yaşin 2022-ci ildə Rusiya ordusu ilə bağlı “saxta xəbərlər” maddəsi ilə Rusiyada 8 il həbs cəzasına məhkum edilmişdi. 2024-cü il avqustun 1-də o, məhbus mübadiləsi çərçivəsində azad edilib və ölkədən çıxarılıb. İndi Yaşin Almaniyada yaşayır. O, Yuliya Navalnaya və Vladimir Kara-Murza ilə birlikdə müharibə və Putin əleyhinə yürüşləri təşkil edir.  

Xatirə SADİQ