Rusiya qonşusunun enerji obyektlərinə zərbələr endirdi – “Taqanroqun əvəzini çıxırıq”
Rusiya ordusu Taqanroq aerodromuna ATACMS raketləri ilə edilən hücuma cavab olaraq Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Nazirlik qeyd edib ki, zərbələr hədəflərinə çatıb, bütün obyektlər vurulub. “Ukraynada hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən kritik əhəmiyyətli yanacaq-energetika infrastrukturu obyektlərinə yüksək dəqiqli uzaqmənzilli hava və dəniz silahları və pilotsuz uçuş aparatları ilə irimiqyaslı zərbə endirilib”, - deyə məlumatda vurğulanıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “bu zərbənin Ukrayna Silahlı Qüvvələrinin Taqanroqdakı hərbi aerodroma hücumuna cavab olub-olmaması ilə bağlı sualını cavablandırarkən belə deyib: “O cümlədən”.
Dekabrın 13-də Ukrayna Energetika Nazirliyinin rəhbəri German Qaluşenko ölkənin enerji obyektlərinin kütləvi hücumlara məruz qaldığını bildirib. Səhər saatlarında Odessa, Xmelnitski, İvano-Frankivsk, Lvov və Vinnitsa vilayətlərində partlayışlar baş verib. DTEK enerji şirkəti paytaxtda, Kiyev, Dnepropetrovsk və Odessa vilayətlərində elektrik enerjisinin bir neçə saatlıq kəsilməsi ilə bağlı xəbərdarlıq edib.
Xatirə SADİQ