Rusiya tərəfindən döyüşdüyü üçün azadlıqdan məhrum edildi – Özbəkistanda
Özbəkistan sakini Əlişir Xalıqov Rusiya Silahlı Qüvvələrinin sıralarında Ukraynaya qarşı müharibədə iştirak etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Uznews” məlumat yayıb.
Fərqanə vilayətinin Quştəpə rayon məhkəməsinin qərarına əsasən Ə.Xaliqov 154-cü maddənin I hissəsi (muzdluluq) üzrə təqsirli bilinib.
Məlum olub ki, 1973-cü il təvəllüdlü Əlişir Xalıqov 2023-cü ilin mayında işləmək üçün Rusiyaya gedib. Sonra Rusiya Müdafiə Nazirliyi ilə birillik müqavilə bağlayıb və hərbi hazırlıq kursunu bitirib. Fevralda cəbhə zonasına göndərilib və yaralanıb. Ona Rusiya vətəndaşlığı təklif olunsa da, bundan imtina edib və Özbəkistana qayıdıb.
Məhkəmə zamanı o, günahını etiraf edib və peşman olduğunu söyləyib. O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.
Qeyd edək ki, bundan öncə Səmərqənd vilayətinin Cambay rayonunda qaldırılmış cinayət işinə görə, Rusiya tərəfindən Ukrayna müharibəsində iştirak etdiyinə görə 56 yaşlı Özbəkistan vətəndaşı Şükür Cumanov 3 il azadlıqdan məhrum olunub. Rusiyaya qazanc dalınca gedən Cumanov Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb və Ukraynanın işğalda olan Donbas vilayətinə göndərilib. Dron hücumu zamanı yaralanmış Cumanov müalicədən sonra Özbəkistana qayıdıb. O, peşman olduğunu söyləyib və cəzasının yüngülləşdirilməsini xahiş edib.
Özbəkistan Cinayət Məcəlləsinin muzdluluq haqqında 154-cü maddəsinə əsasən, başqa dövlətin ərazisində və ya onun tərəfində döyüş əməliyyatlarında iştirak etmək beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cəza münaqişə vəziyyətində olan ölkənin vətəndaşı və ya hərbi qulluqçusu olmayan və ya onun ərazisində daimi yaşamayan şəxslərə verilir.
Xatirə SADİQ