Rusiya təyyarəsinin atdığı bomba Belqorod sakinini yaraladı

Belqorod vilayətində Rusiya hərbi təyyarəsindən aviabombasının növbəti “anormal enməsi” nəticəsində yerli sakinlərdən biri az qala ölümlə üzləşib. 

Apr 9, 2025 - 17:43
Rusiya təyyarəsinin atdığı bomba Belqorod sakinini yaraladı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Astra” telegram-kanalına istinadən “The Moscow Times” yazıb.

Nəşr qeyd edib ki, insident aprelin 8-də axşam saatlarında Yakovlevski rayonunda baş verib. Tomarovka-Rakitnoye hissəsində iki mülki avtomobilin hərəkət etdiyi bir vaxtda yolun üzərinə fuqas aviabombası düşüb. 

Mənbələrin sözlərinə görə, mərmi partlamayıb, lakin 36 yaşlı yerli sakin qəlpə yaraları alıb və xəstəxanaya yerləşdirilib. Avtomobilə də ziyan dəyib və yolda krater əmələ gəlib. 

Yerli sakinlər deyiblər ki, “vəziyyətin qeyri-sabitləşməsinin” qarşısını almaq üçün onlara hadisə yerini çəkmək və sosial şəbəkələrdə fövqəladə hadisə bağlı hər hansı məlumat dərc etmək qadağan edilib. 

Yerli hakimiyyət orqanları rus bombasının düşməsi nəticəsində mülki vətəndaşların xəsarət alması barədə məlumat verməyib. Amma Yakovlevski rayon administrasiyası döyüş sursatının düşməsindən dərhal sonra yolun “görülən işlərə” görə bağlandığını bildirib və sürücülərdən dolama yolları seçməyi xahiş edib. Səhər saatlarında yerli hakimiyyət məhdudiyyətlərin aradan qaldırıldığını elan edib.

Nəşr xatırladıb ki, bu, artıq ilin əvvəlindən Rusiya aviasiyasının Ukrayna ilə sərhədyanı rayonlarının ərazisinə atdığı ən azı 50-ci aviabombadır. Ən azı üç raketin düşdüyü də qeydə alınıb. Ötən il Rusiya təyyarələrinin bu ərazilərə atdığı bombaların sayı 165 olub.

Xatirə SADİQ