Rusiyalı oliqarx borc içindədir – “The Moscow Times”

Boris Yeltsin dövrünün oliqarxı Vladimir Qusinski biznessiz qalıb və 7,5 milyon dollar məbləğində borc toplayıb. 

Jan 16, 2025 - 17:29
Jan 16, 2025 - 17:48
Rusiyalı oliqarx borc içindədir – “The Moscow Times”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Agentlik” nəşrinə istinadən “The Moscow Times” məlumat yayıb. 

Nəşrin yazdığına görə, bununla bağlı sənəd 2025-ci il yanvarın 1-də sahibkar tərəfindən təxminən üç ildir davam edən boşanma prosesi ilə bağlı ABŞ-nin Konnektikut ştatının məhkəməsinə təqdim edilib. Qusinskinin həyat yoldaşı Yelena Konstantinu affidevitin (yazılı ifadə) həqiqiliyini təsdiqləyib.

Sənədə əsasən, aktivləri 5,9 milyon dollardan bir qədər artıq qiymətləndirilən Qusinskinin on kreditora olan borcu 7,3 milyon dolları ötüb. Onun Konnektikutda iki evi, S550 markalı “Mercedes” avtomobili, İsrailin “Mizrahi-Tefahot” bankında hesabı və zinət əşyaları var.

Affidevitə görə, sahibkarın gündəlik xərcləri 4990 dollar təşkil edir. İsraildə icarəyə götürülmüş evin qiyməti 2308 dollara, ərzaq məhsulları 750 dollara başa gəlir. Evin baxımlı qalmasına 462 dollar, avtomobilin saxlanmasına 456 dollar, tibbə 403 dollar, qaza 323 dollar, uşaqlara ödənişə 192 dollar, geyimə 96 dollar xərclənir. Qusinskinin qalan iki şirkəti hazırda iflas prosedurundan keçir. Bunlar “News Ru Israel LTD” və “New Media Holding” MMC-nin media layihələridir.

Yazılı ifadəsində biznesmen borclu olduğu kreditorlarının adlarını da sadalayıb: “Qazprom Media”nın keçmiş baş direktoru Nikolay Senkeviç – 1,35 milyon dollar, A.Çubaya  (Qusinskinin iki tanışı deyir ki, bu, “Rosnano”un sabiq rəhbəri Anatoli Çubaysdır) – 500 min dollar, biznesmen Maks Barski – 480 dollar min, “Probiznesbank”ın keçmiş səhmdarı Alexander Jeleznyak – 400 min dollar, “YUKOS”un sabiq ortağı Leonid Nevzlin – 220 min dollar, ABŞ-də Qusinskinin yaratdığı rusdilli televiziya şirkətlərinin keçmiş top meneceri Julius Feynşteyn – 125 min dollar, bloger Maksim Kats – 100 min dollar, Moskvanın keçmiş baş ravvini Pinxas Qoldşmidt – 100 min dollar, Tsvi Xeyfets (yəqin ki, İsrailin Rusiyadakı keçmiş səfiri) – 60 min dollar.

Biznesmen vəsatət və borcları ilə bağlı şərh verməkdən imtina edib.

“Agentlik” xatırladıb ki, Qusinski ötən əsrin 90-cı illərində “Most Bank”ı yaradan, NTV, “Exo Moskvı”, “İtogi” jurnalı və digər media aktivlərinə sahib olan ən böyük oliqarxlardan biri olub. 2010-cu ildə “Forbes” onun sərvətini 400 milyon dollar məbləğində qiymətləndirirdi. 

Xatirə SADİQ