Rusiyanın iri gəmisi beynəlxalq sularda batdı – İspaniya mediası 

Rusiyanın iri “Ursa Major” (latın dilində “Böyük Ayı”) ticarət gəmisi İspaniya və Əlcəzair arasında beynəlxalq sularda batıb.

Dec 24, 2024 - 11:27
Rusiyanın iri gəmisi beynəlxalq sularda batdı – İspaniya mediası 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İspaniyanın “Marittime Executive”, “El Espanol” “La Verdad” kimi nəşrləri məlumat yayıb.
 
Məlumata görə, “Ursa Major” gəmisi şərq istiqamətində Cəbəllütariq boğazına doğru üzərkən, maşın bölməsində partlayış baş verib. Bundan sonra kursdan çıxan gəmi əyilib və batmağa başlayıb. Nəticədə ekipajın iki üzvü itkin düşüb, qalan 14 nəfər dəniz xilasetmə xidməti tərəfindən xilas edilib. Onlar İspaniyanın Kartagena şəhərinə aparılıb.

Gəminin kapitanı iddia edib ki, qəza zamanı gəmidə boş konteynerlər olub.

Lakin qəzadan dörd gün əvvəl “Oboronloqistika”nın mətbuat xidməti “Ursa Major” gəmisinin liman infrastrukturunun və Şimal dəniz yolunun inkişafı üzrə dövlət tapşırıqlarının icrası çərçivəsində böyük bir layihə yükü ilə Uzaq Şərqə yollandığından danışıb. Vladivostokda terminalın genişləndirilməsi üçün gəmiyə hər birinin çəkisi 380 ton olan liman kranları və yeni buzqıran gəmilər üçün 45 tonluq lyuk qapaqları yüklənmişdi.

“Ursa Major” universal yük daşıyıcısıdır və Rusiyanın “Oboronloqistika” müdafiə şirkətinin törəməsi tərəfindən idarə olunur. Bu, 1200 tona qədər çəkisi olan yüklərin daşınmasına imkan verən ən böyük gəmidir. Gəminin uzunluğu 142 m, eni 23 m, suya oturma dərəcəsi 7m-dir. 

“Oboronlogistika” Rusiya Müdafiə Nazirliyinin hərbi-tikinti kompleksinin strukturuna daxildir. Bu qurum hərbi və xüsusi təyinatlı məhsulların daşınması, saxlanması və istehsalı üçün hərbi idarənin ehtiyaclarının ödənilməsi ilə məşğul olur.

“Marine Traffic” gəmi izləmə xidmətinin məlumatına görə, “Ursa Major” dekabrın 11-də Sankt-Peterburqdan yola düşərək Vladivostoka gedirdi. Gəmi yanvarın 22-də bu şəhərə çatmalı idi. 

Xatirə SADİQ