“Rusiyanın pulu ilə Ukraynaya sponsorluq etmək oğurluqdur” - Kremlin sözçüsü
“Rusiyanın aktivlərindən istifadə edərək Ukraynaya sponsorluq etmək planları oğurluq hesab ediləcək”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Avropa İittifaqının (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən istifadə edərək Ukrayna üçün pilotsuz təyyarələr üçün 2 milyard avro ayırmaq planlarını şərh edən Kremlin sözçüsü qeyd edib ki, aktivləri mənimsəmək istəyənlər – həm fiziki şəxslər, həm də ölkələr – məhkəmə təqibinə məruz qalacaqlar.
“Biz artıq müxtəlif səviyyələrdə bu proseslərə reaksiya vermişik. Söhbət Rusiyanın əmlakının qanunsuz olaraq ələ keçirmək planlarından, oğurluqdan gedir”, - deyə Peskov vurğulayıb.
Mətbuat katibi qeyd edib ki, bu cür addımlar mülkiyyətin toxunulmazlığı prinsipinə inamın tamamilə itirilməsinə gətirib çıxaracaq.
Xatırladaq ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen sentyabrın 30-da NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında Kiyevə ayırılacaq 2 milyard avro vəsaitin ayrılacağını bildirib. Lakin o, bu vəsaitin Rusiya aktivlərindən götürüləcəyini dəqiqləşdirməyib.
Xatirə SADİQ