“Macarıstan nökər dövlət deyil” - Viktor Orban
Macarıstanın baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampla son telefon danışığı zamanı Rusiya neftinin tədarükü məsələsini müzakirə etdiklərini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Harcosok Oraja” nəşri məlumat yayıb.
Amerikalı prezidentlə “suveren liderlər” kimi danışdığını vurğulayan Orban qeyd edib ki, Tramp ondan Macarıstanın nə üçün Rusiyadan neft almağa davam etdiyini soruşub. Orban buna cavab olaraq Trampa izah edib ki, birincisi, ölkəsinin Rusiya ilə tədarükün etibarlılığını təmin edən uzunmüddətli müqaviləsi mövcuddur, ikincisi, rus nefti digər mənbələrdən alınan neftdən daha ucuzdur.
“O, başa düşdüyünü söylədi. Digər tərəfdən... Bunu necə deyək? Biz bir-birimizə tabe olmuruq. Çünki məsələ onda deyil ki, Vaşinqton bizə zəng edir və biz nəsə edirik və ya əksinə. Bu, əlbəttə, ağlabatmayandır. Məsələ ondadır ki, iki suveren dövlət var, onların suveren liderləri var və əgər bizi bir-birimizin işində nəsə maraqlandırırsa, biz bir-birimizdən soruşuruq. Biz suveren ölkələr, suveren liderlərik. Biz bir-birimizin nökərləri deyilir. Macarıstan nökər ölkə deyil”, - deyə Orban vurğulayıb.
Xatirə SADİQ