Alim olmaq ASAN DEYİL
Dindarlardan və özünü beləsi hesab edənlərdən əvvəllər də eşitmişdim, guya "Quran" elmi əsərdir, az qala elmlərin cövhəridir.
Bu sözlər mənim üçün küfr kimi səslənirdi. Bilirdim ki, "Tövrat"da, "İncil"də, "Qurani Kərim"də heç bir tənlik, düstur, cədvəl yoxdur.
Bu kitabları qələmə alanların xəbəri də olmayıb ki, dünya hansı ölçüdədir, Arktika, Antarktika, Amerika, Avstraliya qitələri var, Yaponiya və indi dünyanın ən böyük islam dövləti olan İndoneziya mövcuddur.
Tanıdığım ilk 5 nəfər müsəlman namazı necə qılmaq lazım olduğunu bildirəndə, onların eyni məzhəbə qulluq etdiklərinə şübhəm yaranmışdı: 5 nəfər - 5 qayda. Buna görə də, namaz qılan, oruc tutan və "Quran"ı oxuduğunu iddia edən insan əlimə düşəndə sandım ki, əlimə düşən o deyil, girəvədir. Onun "Quran" bir elmdir" sözləri mənim üçün provokasiya kimi səsləndi. Soruşdum:
- Nəyi nəzərdə tutursan?
- "Quran"da şirin, içməli suyun duzlu su ilə görüşüb qarışmadığı deyilir. Səyyah Jak İv Kusto həmin yeri kəşf edib və biləndə ki, bu, "Quran"da yazılıbmış, islamı qəbul edib.
- Gəl Kustonun müsəlmanlığını qoyaq kənara: dinini belə asanlıqla dəyişirsə, bəlkə də dünən nə isə yeni şey görüb və bu gün artıq buddistdir. Həmin yerdən danışaq. Amazoniya dünyanın ən böyük şirin su hövzəsidir. Çay Atlantik okeana elə sürətlə və elə nəhəng kütlə şəklində axır ki, okeanın duzlu suyu onu özündə tez həll etməyə çatışmır. Vəssalam.
Sonra ona uşaqlıqda atamdan gördüyüm "fokus"u göstərdim. Stəkana isti su töküb şəkərlə qarışdırdım. Su oldu şirin. Boş saxladığım yerə stəkanın divarı boyunca ehtiyatla(!) dəmlənmiş çay süzdüm. Çay yuxarı hissədə təbəqə şəklində qaldı. İki rəngli maye alındı. Dedim:
- Bu da olsun sənin Amazoniyan və Atlantikan. Stəkanda Kustonu görməyəcəksən. Yəqin məsciddə cümə namazı qılmağa gedib.
Həmsöhbətim donub qalmışdı, bu işi bir möcüzə kimi qəbul edirdi. Unutmuşdu ki, adını çəkdiyi kitabda haqlı olaraq deyilir - möcüzə olmur.
Əlbəttə, "Quran"da çayın da adı yazılmayıb, okeanın da. İudaizm, xristianlıq və islam bölgə dinləridir. Bütün dünya üzrə vahid din yaratmaq müşkül məsələ idi. İndi də elə uzun və iti qılınc yoxdur ki, xalqların hamısını döndərib, məsələn, müsəlman - qılınc müsəlmanı etsin.
Xatırlanan kitabın elmiliyi tam uydurmadır, qeyri-elmiliyi isə aşkar faktdır. Onun müəllifi (yaxud müəlliflər qrupu) bilmirdi ki, şimalda qütb gecəsi olur, ya da aylarla hava qaralmır. Bu zaman Ramazan ayı gələcək və əliboş gedəcək, sən isə ya acından öləcəksən, ya da bütün gecə 6 ay yeyib şişəcəksən. Hələ mən sualtı qayıqlardakı və kosmik fəzadakı zavallı müsəlmanları demirəm...
İslam orucluğu musavilərdən və isavilərdən sonra tətbiq etdisə də, onlardan yaxşı məqamları götürmədi. Həmin iki din öz rəbiyytinə (yeni söz kimi ərəb dilinə şəxsən məndən hədiyyə!) təklif edir ki, pəhriz saxlasın: müəyyən müddət yağlı, duzlu, şəkərli heç bir şey yeməsin, ət və xəmir xörəklərindən imtina etsin. Gecə-gündüz məsələsi də yoxdur. İslam isə insanlardan ac qalmağı tələb edir. Yayda, gündüzlər uzananda gərək sən də taqətsizlikdən uzanasan. Mən bütün gün ərzində heç nə yeməyən cərrahın bıçağı altına girməkdən, sürücünün maşınına əyləşməkdən, pilotun təyyarəsinə minməkdən imtina edirəm!
Bir daha elmilik haqqında: islam qaragüruhunun təzyiqi altında son 400 ildən artıq müddətdə müsəlman ölkələrində heç bir əhəmiyyətli ixtira və kəşf edilməyib.
Doğru sözdür, axmaq insanın beyni Fəlsəfəni - dinə, Elmi - xurafata, İncəsənəti - pedantlığa çevirir.
"Kosmos, kosmos" deməklə adam kosmonavt olmaz!
A.ƏZİZ