Rusiyanın təxribat cəhdləri ilə bağlı qərar qəbul ediləcək – Polşa XİN
Polşa Xarici İşlər Nazirliyinin (XİN) başçısı Radoslav Sikorski ölkəsinin Rusiyanın Polşa ərazisində təxribat cəhdləri ilə bağlı danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, nazir bunu TVN24 telekanalına müsahibəsində deyib.
Sikorski ilin əvvəlində Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda və Vrotslavda lak və boya zavodunu yandırmağa hazırlaşmaqda ittiham olunan 51 yaşlı Ukrayna vətəndaşı Sergey S.-nin işini şərh edib.
Nazir qeyd edib ki, təqsirləndirilən şəxs Rusiya xüsusi xidmət orqanlarının ona Vroslavda yanğın törətməyi əmr etdiyini etiraf edib.
“Avropa boyunca digər oxşar yanğınlar var və biz Rusiyanın növbəti yanğın hücumları ilə bağlı planlarından xəbərdarıq. Sabah mən bu işlə bağlı XİN-in qərarını elan edəcəyəm”, - deyə o, əlavə edib.
Ukrayna vətəndaşı Sergey S. 2024-cü ilin qışında Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmə onun müvəqqəti həbsi barədə qərar verib.
Məlumata görə, o, Vroslav şəhərində strateji əhəmiyyət kəsb edən infrastruktur elementlərinə yaxın ərazidə yerləşən obyektləri yandırmağı planlaşdırıb.
Xatirə SADİQ