“Ruslar hiyləgər personajlardır, görək nə olur...” - Donald Tramp
ABŞ prezidenti Donald Tramp Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffun avqustun 6-da və ya 7-də Rusiyaya səfər edəcəyini bildirib.
SAVASHMEDİA.az Amerika KİV-nə istinadən xəbər verir ki, bunu Tramp Nyu Cersidə jurnalistlərə danışarkən deyib.
ABŞ prezidentinin sözlərinə görə, ruslar Uitkoffla “görüşməyi xahiş ediblər”.
Tramp avqustun 8-də Rusiyanın atəşkəslə razılaşmadığı təqdirdə nə baş verəcəyi ilə bağlı jurnalistlərin sualına belə cavab verib: “Sanksiyalar olacaq, lakin görünür, onlar (ruslar – red.) sanksiyalardan kifayət qədər yaxşı yayınırlar. Onlar hiyləgər personajlardır və sanksiyalardan yayınmağı yaxşı bacarırlar, odur ki, nə olacağını görəcəyik”.
Tramp bir daha diqqətə çatdırıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi çoxlu itkiyə səbəb olur: “Bu, dəhşətli müharibədir. Biz bir çox müharibələri dayandırdıq. Hindistan və Pakistan, bir çox ölkələri. Və bu müharibəni də biz dayandıracağıq. Necəsə onu dayandıracağıq”.
Xatirə SADİQ