Ruslar və amerikalılar İsveçrədə gizli görüşürlərmiş - “Reuters”

Rusiya və ABŞ nümayəndələri Ukraynada müharibənin dayandırılmasını müzakirə etmək üçün dəfələrlə İsveçrədə gizli görüşüblər.

Feb 21, 2025 - 11:37
Ruslar və amerikalılar İsveçrədə gizli görüşürlərmiş - “Reuters”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” üç mənbəyə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinə görə, görüşlər keçən həftə də daxil olmaqla, ötən aylarda baş tutub. Bəzi təmaslar isə prezident Donald Trampın 5 noyabr 2024-cü il seçkilərində qalib gəlməsindən sonra keçid dövründə baş verib

“Reuters”in həmsöhbətləri bu danışıqları bir-birini tamamlayan bəzi əlaqələrlə bağlı əlavə kanal kimi təsvir ediblər.
 
Mənbələr danışıqları aparanların adlarını çəkməkdən imtina ediblər və qeyd ediblər ki, hər halda Trampın çox az sayda müşaviri görüşlərdən xəbərdar olub.

“Çoxlu digər təfərrüatlar, o cümlədən görüşlərin nə vaxt başladığı, gündəmi və ukraynalıların orada iştirak edib-etməməsi hələ də qeyri-müəyyən olaraq qalır. Lakin bu görüşlər, keçmiş prezident Co Baydenin dövründə rəsmi təmasların demək olar ki, dondurulmasına baxmayaraq, ABŞ və Rusiyanın Ukraynada müharibəni bitirmək yollarını tapmaq üçün pərdəarxası səylərini işıqlandırır”, - deyə Reuters yazır. 

Agentliyin mənbələrindən biri İsveçrədəki danışıqları “ikinci trek” müzakirələri, yəni ünsiyyəti yaxşılaşdırmaq və fikir mübadiləsi aparmaq məqsədi daşıyan qeyri-rəsmi dialoq kimi təsvir edib.

İki mənbə bildirib ki, Almaniyada Münhen Təhlükəsizlik Konfransı keçirilərkən keçən həftə Cenevrədə ən azı bir görüş olub.

“Reuters” qeyd edir ki, şərh üçün Ağ Ev Milli Təhlükəsizlik Şurası, Ukrayna hökuməti və Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb, lakin onlar sorğulara cavab verməyiblər.

Xatirə SADİQ