Əlvida, Kolxozstan! – 5

Yenə su! Bəs qazdıqda yerdən su çıxmayan kənd onu haradan içir? 

Feb 21, 2025 - 11:16
Əlvida, Kolxozstan! – 5

Təpədən aşağıda çökək, orada anbar var. Yağış, sel, çay verir pay. Babat ehtiyat toplananda, onu motorlarla lap yuxarıya vururlar. Sonra su oradan boru kəməri ilə aşağı axır. Tutdun – buraxma. Dostumun gecə 3-də yataqdan qalxıb su daşımasının şahidi oldum. 2 saata su kəsildi. Bir qədər hovuza yığdı, bir az da ağacların dibinə tökdü. Sonra su içməyə çatışmış ağacların o birilərə açıq verdiyini eşidirdim...

Kəndlilər Bakıdan gələn məmurlara dəfələrlə müraciət ediblər. Su istəyiblər, onlara isə yalnız vəd verilib. Susuz. Quru vəd. Sonra haradansa qərar çıxarılıb, vəsait ayrılıb, kəmər çəkilib. Amma su yalnız aşağıdakı kəndlərə çatıb. Başlıca səbəb  odur ki, sayğacdan keçməyən havayı su İvanovkada gecə-gündüz bağ-bostana axıdılacaq.

Su verən “oğlan” onun istifadə olunmuşunu da qəbul etməlidir. Məlumdur ki, Azərsu cənabları həm suyun, həm də çirkabın ödənişini tələb edir. İvankənddə isə kanalizasiya sistemi yoxdur. Tualetə istəyirsən – gözlə şambo qazılsın. “Tüpürcəklə yapışdırılmış” taxta və fanerdən ibarət olan tualet budkaları isə hərdən əsən güclü küləkdən əyilir. Bu barədə İvanovka rus milli tualet ənənəsinin layiqli davamçısıdır. Nahaqdan deyil ki, müharibənin əvvəlində rus əsgərləri evlərinə Ukraynadan unitaz göndərirdilər!

Görməmişlik, görməmişlik... (Moşuya rəhmət!). Dükançı İslam (özü islamçı deyil!) söylədi ki, oğlunu evləndirdiyi zaman ona ev almaq istəyib. Eşidib ki, hansısa Vasili evini satır. Tülkü çox baha deyir. “Axı kənddə belə qiymət yoxdur”, - deyə alıcı etiraz edir. Vasya dəsmal götürüb başlayır: “Üç övladım var. Bunu satıb birinə Rusiyanın filan şəhərində, digərinə bəhman şəhərində, qızima Moskvada, özümə də haradasa ev almalıyam”. Adətən təmkinli olan ipək xasiyyətli İslam kişi bu yerdə özündən çıxdı: 

– Rəhmətliyin oğlu, gildən hörülmüş kənd evinin əvəzində 3-4 şəhər mənzili istəyirsən?!

İvanovkada ev alan şəxs bütün ümumi prosedurlardan başqa daha birindən keçməli idi - kolxoz sədrinin qəbulundan. Əlbəttə, bu, qanunlarda nəzərdə tutulmamışdı və formal xarakter daşıyırdı. Məsələn, qəbulda sədr dostumun saç düzümünə tərif demişdi. Razılaş, qəribə səslənir. Amma əvvəllər lənətə gəlmiş Polyaniçkonun komandasında çalışmış həmin sədr (və digərləri) əslində yeni sakinin kimliyini öyrənir, başqa sözlə desək, ona müştəri gözü ilə baxırdı, imkanlarını “tərəzidə çəkirdi”...

Kənddə bekar durmaq olmaz. Mal-qara, toyuq-cücə istirahət, bayram gününün nə olduğunu bilmir. Heç olmasa fərdi təsərrüfatda çalısmaq vacibdir. Lakin xeyli kəndli tüfeyli həyat tərzi keçirir, yeyib-içir. Yeməsə də içir. Başqası inək, qoyun, keçi, donuz, quş saxlayır. Həm satır, həm yeyir. Və mütləq içir!

Dostum həyətində müxtəlif cür toyuq-xoruz, iki növ ördək, o cümlədən lal ördək, firəng toyuğu (sesar), bildirçin, dovşan saxlayır. Əlbəttə, satmaq məqsədilə yox. Həmişə qohum-qardaşa ət, yumurta göndərir. Arada mənə də pay çatır.

Kənddə dostun olması necə də yaxşı imiş!

Bəs başlıqda işarə edilən kolxoz mövzusu? Deməli,
(Ardı var)

A.ƏZİZ