Ev dustağı olan Ramiz Mehdiyevin dövlətdən qazanan QOHUMLARININ SİYAHISI
Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Kaspian Telekom” MMC (VÖEN – 1500545191) ilə satınalma müqaviləsi imzalayıb.
SAVASHMEDİA.az xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.(mənbə yeniavaz.com) Satınalma sərnişin lifti üçün internet xidməti ilə bağlıdır.
Bu xidmətlər üçün Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Kaspian Telekom” MMC-yə 24 min 248 manat 40 qəpik ödəyəcək. Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan “Kaspian Telekom” MMC uzun illərdir özəl və dövlət qurumlarına, bank sektoruna, fiber-optik texnologiya bazasında ən müxtəlif İKT xidmətləri göstərir.
“Kaspian Telekom” MMC eyni zamanda “Ailə TV” kabel televiziyası və “Ailə NET” internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir. Şirkət tərəfindən açıqlanan məlumatda göstərilir ki, “Kaspian Telekom” MMC Azərbaycan ərazisində fəaliyyət göstərən ən genişmiqyaslı fiber-optik infrastruktura malikdir, eyni zamanda SWIFT xidmətini göstərən ən böyük şirkətdir.
“Yeniavaz” qeyd edir ki, 28 iyul 2005-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 1020 manat təşkil edir. MMC-nin hüquqi ünvanı “İstiqlaliyyət küçəsi, ev 11, mənzil 17”də yerləşir.
İstiqlaliyyət küçəsi, ev 11 ünvanı eyni zamanda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, hazırda isə dövlət çevrilişinə cəhddə ittiham olunan Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın və nəvəsi Fidan Əliyevanın qeydiyyatda olduğu ünvandır.
“Kaspian Telekom” MMC-nin qanuni təmsilçisi isə Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.
Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Əliyev Fikrət Əlisəftər oğlunun vaxtı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən qısa müddət sonra Fikrət Əliyev AMEA İşlər idarəsinin müdir müavini təyin olunmuşdu.