Köməkçiləri Zelenskini yenilənmiş layihəni imzalamağa çağırıblar 

ABŞ faydalı qazıntıların işlənilməsi üzrə sazişin yeni variantını Ukraynaya göndərib.

Feb 21, 2025 - 11:13
Köməkçiləri Zelenskini yenilənmiş layihəni imzalamağa çağırıblar 

SAVASHMEDİA.az bu barədə “Axios” portalına istinadən xəbər verir.

“Axios” mənbələrinə görə, son günlər Ukrayna və Amerika tərəfləri arasında “yerin təki sazişi” üzrə danışıqlar davam etdirilib və ABŞ Ukraynaya Kiyevin bəzi narahatlıqlarını nəzərə alan yenilənmiş layihə təqdim edib.

Mənbələrdən biri qeyd edib ki, ukraynalıların narahatlığına səbəb olan bəzi maddələr, xüsusən də Nyu-York məhkəməsinin yurisdiksiyasına aid olan hissə sazişdən çıxarılıb.

“Son layihədə əhəmiyyətli təkmilləşmələr baş verib və sənəd Ukrayna qanunvericiliyinə uyğundur”, - deyə mənbə “Axios”a bildirib.

Həmin mənbə portala onu da qeyd edib ki, Zelenskinin bir neçə köməkçisi onu Trampla növbəti qarşıdurmadan qaçmaq və ABŞ-nin Ukraynaya davamlı dəstəyini əsaslandırmaq üçün yenilənmiş layihəni imzalamağa çağırıb.

“Bu, danışıqlardır. Danışıqlarda isə siz uzlaşmalısınız. Ukrayna faydalı qazıntılar haqqında danışıqlar aparmaq istəyir, ona görə də biz bu barədə danışırıq”, - deyə Ağ Evin adı açıqlanmayan təmsilçisi bildirib.

Xatirə SADİQ