İvanişviliyə qarşı dərhal sanksiyalar tətbiq edilsin - Avropalı deputatlar
Avropa Parlamentinin (AP) deputatları Avropa Komissiyasını “Gürcü arzusu”nun liderlərinə qarşı dərhal sanksiyalar tətbiq etməyə çağırıblar.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə məktubu AP üzvü Mixail Şerba “X” platformasında dərc edib.
Avropa İttifaqının (Aİ) xarici əlaqələr üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kai Kallasa ünvanlanmış məktubda bildirilib ki, Gürcüstanın hazırkı hakim partiyası saxta seçkilərdən sonra dövlətdə hakimiyyəti ələ keçirib və hazırda vətəndaş cəmiyyətinin etirazlarını boğmaqla məşğuldur.
Deputatlar AP-nin 28 noyabr 2024-cü il tarixli qətnaməsində Aİ-ni Gürcüstanın rəsmi liderlərinə qarşı hərtərəfli şəxsi sanksiyalar paketi tətbiq etməyə çağırdığını xatırladaraq, Bidzina İvanişviliyə qarşı dərhal məqsədyönlü şəxsi sanksiyaların tətbiq edilməsinə və Aİ ölkələri ərazisində onun aktivlərinin dondurulmasına çağırıblar.
Onlar bunu İvanişvilinin Gürcüstanın siyasi prosesinin deqradasiyasında oynadığı rol və ölkənin konstitusiya ilə müəyyən edilmiş maraqlarına zidd hərəkətləri, o cümlədən ölkə üzərində Rrusiyanlın təsir dairəsinin bərpa olunması üzrə səyləri ilə izah ediblər.
“Bu məktubla sizi təcili olaraq Şuraya sanksiyalar təklifi təqdim etməyə çağırmaq istərdik, çünki gözümüzün önündə Gürcüstanda dövlətin avtoritar qaydada ələ keçirilməsi prosesi gedir”.
Xatirə SADİQ