“Gürcüstanda etirazı yatıranlara qarşı sanksiyalar tətbiq olunsun!” - Üç ölkə razılığa gəldi
Üç Baltikyanı ölkə Gürcüstanda etirazları yatıranlara qarşı milli sanksiyalar tətbiq etmək barədə razılığa gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna “X” platformasında yazıb.
Tsahkna bildirib ki, Gürcüstanda etirazları yatıranlara qarşı sanksiyaların tətbiqi qərarını dəstəkləyən ölkələr arasında Litva, Latviya və Estoniya da var.
“Üç Baltikyanı ölkə Gürcüstanda qanuni etirazları yatıranlara qarşı milli sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər. Bizim ölkələrdə demokratiya əleyhdarları və insan haqlarını pozanlar alqışlanmır”, - deyə nazir vurğulayıb.
Bu yaxınlarda Tsahkna bildirmişdi ki, Gürcüstanda avrointeqrasiya prosesinin təxirə salınması ilə bağlı qərar hakim partiyanın məqsədindən xəbər verir. Bu, ölkə üzərində nəzarəti bərqərar etmək, xalqı qorxutmaq, eləcə də Gürcüstanı Rusiyanın təsir dairəsinə keçirməkdir.
Xatırladaq ki, baş nazir İrakli Kobaxidzenin hökumətin növbəti 4 il ərzində Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan imtina etdiyini bəyan etməsindən sonra Gürcüstanda etirazlar davam edir.
Gürcüstanın təhlükəsizlik qüvvələri etirazçılara qarşı sərt metodlar tətbiq etdiklərindən bu, Qərbin qınağına səbəb olur.
Xatirə SADİQ