Lukaşenko Trampın xahişi ilə azad etdiyi müxalifətçini həbsxanaya qaytardı - SƏBƏB

Belarus və ABŞ prezidentləri arasında əldə olunan razılaşma nəticəsində azad edilən belaruslu müxalifətçi Nikolay Statkeviç ölkəni tərk etməyə razı olmadığına görə yenidən cəzaçəkmə koloniyasına qaytarılıb. 

Sep 15, 2025 - 14:11
Lukaşenko Trampın xahişi ilə azad etdiyi müxalifətçini həbsxanaya qaytardı - SƏBƏB

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Naşa Niva” nəşri məlumat yayıb. 

Nəşrin mənbəyə istinadən xəbərinə görə, 69 yaşlı siyasətçi əvvəllər cəzasını çəkdiyi “Qlubokoye" həbsxanasına qaytarılıb. Digər təfərrüatlar verilməyib.

Statkeviç də sentyabrın 11-də azadlığa çıxan 52 siyasi məhbus arasında olub. Lakin azadlığa çıxandan sonra müxalifət lideri digərləri ilə birlikdə Litvaya getməkdən imtina edərək, avtobusun qapısını təpiklə açıb və ölkələr arasındakı neytral zonaya qaçıb. 

Siyasətçinin həyat yoldaşı, ABŞ diplomatları və başqaları onu Litvaya getməyə razı salmağa çalışsalar da, heç bir nəticəsi olmayıb. Sonda Statkeviçi maskalı şəxslər aparıblar. 

Statkeviç Minsk ali zenit-raket mühəndisliyi məktəbini bitirib və sonradan orada dərs deyib. 1995-ci ildə “Narodnaya Qramada” partiyasına rəhbərlik edərək fəal siyasətlə məşğul olmağa başlayıb. 2010-cu ildə prezidentliyə namizəd olub. 19 dekabr 2010-cu ildə seçkinin nəticələrinə etiraz edilən aksiyada iştirak etdikdən sonra Statkeviç 6 il müddətinə həbs olunub. 2015-ci ildə azadlığa çıxandan sonra Lukaşenkoya qarşı çıxışını davam etdirib.

Müxalifətçini yenidən 2020-ci il prezident seçkiləri öncəsi həbs ediblər. 2021-ci ilin dekabrında Statkeviç “kütləvi iğtişaşlar təşkil etmək” ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. O, xüsusi rejimli koloniyaya göndərilib və ekstremizmə meylli şəxs kimi qeydiyyata alınıb, bu səbəbdən də ziyarət və evdən bağlama almaq hüququnu itirib. Son 2 il 7 ay ərzində Statkeviç xarici aləmlə əlaqəsi olmayan üç-bir metr ölçüsündə təkrar cinayət törədənlər üçün yarızirzəmi kamerada saxlanılıb. Həyat yoldaşının sözlərinə görə, o, gəzintiyə belə çıxarılmayıb.

Sentyabrın 11-də Statkeviçlə birlikdə azadlığa buraxılan “Narodnaya Qramada” partiyasının fəalı Sergey Spırış bildirib ki, lederinin səhhətindən hədsiz dərəcədə narahatdır. Çünki müxalifətçi ürəyində problemlərdən, xroniki bronxitdən əziyyət çəkir.

Xatirə SADİQ

Fotoda Nikolay Statkeviç