Orban sanksiyaların uzadılmasına razıdır, amma... – “Şərtim var…”
“Macarıstan yalnız Ukraynanın bir neçə şərti yerinə yetirəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların uzadılmasına razılıq verəcək”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Kossuth radiosuna müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.
O, bu şərtlərin arasında Rusiyadan qaz tranzitinin bərpasını, “Türk axını”na hücumların dayandırılmasını və Kiyevdən neft tranzitinin dayandırılmayacağına dair təminatların adını çəkib.
“Ukraynaya kömək edəcək sanksiyaları dəstəkləməyimiz yaxşı deyil, onlar isə bizi aldadırlar. Mən həmkarlarıma dedim ki, əgər Ukrayna, məsələn, Rusiyaya qarşı sanksiyalarda kömək istəyirsə, lütfən, qaz tranzitini bərpa etsinlər və Mərkəzi Avropa ölkələrinə, o cümlədən Macarıstana bizə lazım olan qazı onlar vasitəsilə almasına icazə versinlər. Əgər siz Avropanın sanksiyaları uzatmağa davam etməsini istəyirsinizsə, bunun bədəlini isə biz ödəyiriksə, elə edin ki, heç olmasa pul itkilərimiz azalsın”, - deyə Viktor Orban vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiya paketləri hər altı aydan bir səsvermə yolu ilə yenilənməlidir. Bunun üçün Aİ-yə üzv olan 27 ölkənin hamısının yekdil dəstəyi lazımdır. Növbəti səsvermə yanvarın 31-də keçiriləcək.
Xatirə SADİQ