Laykanın gizlədilən faciəvi taleyi - Kosmosa göndərilən it necə seçilmişdi?

1957-ci il noyabrın 3-də Sovet İttifaqı dünya tarixində yeni bir səhifə açdı.

Jun 4, 2026 - 23:43
Laykanın gizlədilən faciəvi taleyi - Kosmosa göndərilən it necə seçilmişdi?

SAVASHMEDİA.az xəbər verir ki, "Sputnik-2" kosmik aparatı ilə orbitə göndərilən Layka adlı it Yer ətrafında dövrə vuran ilk canlı idi. 

Bu hadisə o dövrdə elmin və texnologiyanın böyük qələbəsi kimi təqdim edilsə də, sonradan məlum oldu ki, Laykanın missiyası əslində geri dönüşü olmayan ölüm uçuşu idi.

Moskva küçələrindən kosmosa

Layka Moskva küçələrindən toplanmış sahibsiz itlərdən biri idi. Təxminən üç yaşında və beş kiloqram çəkidə olan qancıq itin seçilməsi təsadüfi deyildi. Sovet alimləri hesab edirdilər ki, küçə şəraitində yaşayan bu heyvan soyuğa, aclığa və çətin şərtlərə daha dözümlü olduğundan kosmik sınaqlar üçün münasib namizəddir.

Uçuşdan əvvəl Layka və digər itlər xüsusi təlimlərdən keçirildi. Onlar dar kapsullarda qalmağa, güclü vibrasiyalara və yüksək sürətlənməyə alışdırılırdı. Lakin həmin dövrdə texnologiya hələ canlı məxluqu kosmosa göndərib sağ qaytarmağa imkan vermirdi.

Vida öpüşü ilə başlayan ölüm missiyası

"Sputnik-2" layihəsində çalışan texniki mütəxəssislərdən biri sonralar xatırlayırdı ki, Laykanı kapsula yerləşdirdikdən sonra onun burnunu öpərək "yolun açıq olsun" deyiblər. Komanda üzvlərinin əksəriyyəti itin geri qayıtmayacağını bilirdi.

Layka ilə işləyən tədqiqatçı həkim Vladimir Yazdovski isə uçuşdan bir qədər əvvəl onu evinə apararaq uşaqları ilə oynatmışdı. O, sonralar yazdığı xatirələrində qeyd edirdi ki, Layka sakit və mehriban heyvan idi və onun üçün yaxşı bir şey etmək istəyirdi. Çünki qarşıda onu qaçılmaz ölüm gözləyirdi.

Uzun illər gizlədilən həqiqət

Sovet rəsmiləri illər boyu Laykanın orbitdə bir neçə gün yaşadığını, daha sonra isə oksigen ehtiyatı tükəndiyi üçün öldüyünü bildirirdilər. Bu versiya həm də kosmik uçuşların canlı orqanizmlər üçün mümkün olduğunu göstərmək məqsədi daşıyırdı.

Lakin 2002-ci ildə açıqlanan məlumatlar həqiqəti üzə çıxardı. Məlum oldu ki, Layka günlərlə deyil, kosmosa buraxıldıqdan cəmi bir neçə saat sonra həyatını itirib.

Mütəxəssislərin açıqladığı məlumata görə, raketin daşıyıcı hissəsindən ayrılma zamanı yaranan texniki nasazlıq istilik tənzimləmə sisteminin normal işləməsinə mane olub. Nəticədə kapsulun daxilində temperatur sürətlə yüksəlib və Layka hipertermiya – həddindən artıq qızma nəticəsində ölüb.

Kosmik yarışın simvoluna çevrilən qurban

Laykanın taleyi bu gün də kosmik tədqiqatların etik tərəfləri ilə bağlı müzakirələrdə tez-tez xatırlanır. Onun missiyası nəticəsində əldə olunan məlumatlar sonrakı illərdə insanların kosmosa göndərilməsi proqramlarına töhfə versə də, Layka tarixə eyni zamanda kosmik yarışın ilk qurbanlarından biri kimi düşüb.

Aradan onilliklər keçsə də, Moskva küçələrindən çıxaraq orbitə yüksələn kiçik itin hekayəsi elm naminə verilən ən ağır qurbanlardan biri kimi hələ də minnətdarlıqla xatırlanır.

Hazırladı: Səlcuq