Salome Zurabişvili ABŞ-də konkret məsələ qaldırıb – “Biz dönüş nöqtəsindəyik...” 

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili “Atlantic Council” görüşündə ABŞ-nin gələcək nazirlərinə əsas ismarıcını çatdıra bildiyini bəyan edib. 

Jan 22, 2025 - 10:52
Salome Zurabişvili ABŞ-də konkret məsələ qaldırıb – “Biz dönüş nöqtəsindəyik...” 

SAVASHMEDİA.az bu barədə “SOVA”ya istinadən xəbər verir. 

Sabiq prezidentin sözlərinə görə, onun əsas mesajı belə olub: “Gürcüstan dönüş nöqtəsindədir – ölkə ya Rusiyanın orbitinə qayıdır, ya da müstəqillik əldə etdikdən sonra getdiyi yolu davam etdirəcək”.

Zurabişvili nəzərə çatdırıb ki, Trampın andiçmə mərasimindən qabaq Vaşinqtonda keçirilən bir sıra inaqurasiya öncəsi tədbirlərdə iştirak etmək imkanı olub və orada Amerikanın yeni siyasi isteblişmentinin nümayəndələri ilə qarşılaşıb. 

O, qeyd edib ki, bu, ilk təmaslardır, baxmayaraq ki, həmin anda bu siyasətçilərlər hələ ABŞ Senatı tərəfindən təsdiqlənməmişdi. 

“Gürcüstanın amerikalı dostlarının diqqətinə həmişəkindən daha çox ehtiyacı var. Çünki orada vəziyyət kritik olduğundan, biz əslində dönüş nöqtəsindəyik – ya bizi Rusiyaya doğru dartacaqlar, ya da başladığımız yolu davam etdirəcəyik. Bu yol bizim institutlarımızın, ordumuzun yaradılması, bütövlükdə ölkənin konsolidasiyası və müstəqilliyi baxımından Amerikanın rolunun vacib olduğu Gürcüstan yolu idi”, - deyə beşinci prezident bildirib.

Salome Zurabişvili vurğulayıb ki, Gürcüstan xalqı dünən olduğu kimi, bu gün də bunu istəyir və gələcəkdə də bunu arzulayacaq. 

Onun fikrincə, Trampın yeni administrasiyasındakı insanlar bilməlidirlər ki, bu, təkcə insan hüquqları və repressiya məsələsi deyil, həm də əslində ekzistensial bir sualdır: “Gürcüstan öz suverenliyinin və Avro-Atlantik yoluna dəstəyin tanınmasını istəyən müstəqil ölkə kimi siyasətini davam etdirə biləcəkmi?”.

Xatirə SADİQ