Santuşdan "uduzsanız, nə olacaq?" sualına cavab - "2028-ci ilə qədər müqaviləm var"   

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün Qəbələ şəhər stadionunda mətbuat konfransı keçirib.

Nov 15, 2024 - 13:58
Santuşdan "uduzsanız, nə olacaq?" sualına cavab - "2028-ci ilə qədər müqaviləm var"   

SAVASHMEDİA.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Millətlər Liqasının 5-ci turunda sabah Estoniya ilə Qəbələdə keçiriləcək oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.

-  Mətbuat konfransının səhər saatlarında olmasının səbəbi nədir?

- Komandamızın dincəlmək üçün daha çox vaxtının olmasını istəyirik. Milli bir həftədir buradadır, gündə iki məqşimiz olur. Komanda bu oyuna çox yaxşı hazırlaşıb. Yəni çox məşq ediblər. Ona görə də düşündük ki, məşq və mətbuat konfransı səhər saatlarında olsun və futbolçuların bərpa üçün daha çox vaxtı olsun. 

- Dörd oyundan sonra komandamızın aktivində xal yoxdur. Bu nəticə sizin üçün nə qədər gözlənilən idi? Bu dörd oyuda komandada nə çatmadı?

- Oyunları təhlil edirik. Son iki matçda komandamız sözün əsl mənasında yaxşı oynadı. Oyunçularımız inkişaf edir. Estoniya ilə görüşdə də yaxşı oynadıq. Hər şey yolunda gedirdi, amma gözlənilməz qollar buraxdıq. Səhvlərimizi görürük. Çalışırıq ki, onları aradan qaldıraq. Slovakiya ilə matçda da komandamız yaxşı oynayırdı, amma 10 nəfərlə qaldıq və nəticədə uduzduq. Oyunçularım çox yaxşı məşq ediblər, çox istəklidilər. Qarşımıza məqsəd qoymuşuq. Oyundan-oyuna inkişaf edirik və qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün cəhd edirik. 

- Qrupu xalsız başa vursaq, reaksiyanız necə olacaq?

-  Bu barədə bir neçə dəfə danışmışam. Mənim 2028-ci ilə qədər müqaviləm var. Məqsəd odur ki, yaxşı heyət quraq. Elə bir şey əldə etmək istəyirik ki, bu günə qədər Azərbaycan millisi onu edə bilməyib. Bundan əvvəl də demişdim ki, 2027-ci ildə bunların hamısını təhlil etmək olar. 

- Futbol ictimaiyyətinin düşüncələri heyəti seçərkən sizə təsir edirmi? Rüfət Abdullazadə də yığmaya dəvət olunacağı gözlənilən futbolçulardan idi. Onu izləyirsiniz?

- Mən bütün oyunları izləyirəm və bütün futbolçuları artıq tanıyıram. Hansı oyunçular komandaya kömək edə bilərsə, onları dəvət edirəm. Futbolçu seçimi ilə bağlı bütün qərarlar mənə aiddir və heç bir kənar müdaxilə mənim qərarlarıma təsir etmir.