“Sberbank” rəhbərinin qızı Rusiya idman vətəndaşlığından imtina etdi

“Sberbank”ın baş direktoru German Qrefin qızı Mariya Rusiya idman vətəndaşlığından imtina edib və beynəlxalq atçılıq yarışlarında iştirak etmək üçün Ukraynadakı müharibəni dəstəkləmədiyi barədə bəyanat imzalayıb.

Jul 14, 2025 - 17:19
“Sberbank” rəhbərinin qızı Rusiya idman vətəndaşlığından imtina etdi

SAVASHMEDİA.az bu barədə “The Moscow Times” nəşrinə istinadən xəbər verir. 

Beynəlxalq Atçılıq Federasiyası (FEI) “Sberbank” baş direktorunun Londonda yaşayan qızının yarışlarda iştirakına icazə verdiyini təsdiqləyib. “Mariya Qrefə neytral status təqdim olunub”, - deyə federasiyadan bildirilib. Əlavə edilib ki, 20 yaşlı qızın yoxlanması onun etibarlılığına dair heç bir kompromat və ya şübhə aşkar etməyib.

Mariya Qref idman ustalığına namizəddir. O, Moskva vilayətindəki “Otrada” elit atçılıq klubunda atçılıq idmanı ilə məşğul olub. Rusiya Atçılıq Federasiyasının  məlumat bazasına əsasən, 2024-cü ildə Mariya Givi  adlı atla gənclər kateqoriyasında (18 yaşadək) yarışlarda fəal iştirak edib. Tanışlarının sözlərinə görə, 20 yaşlı Mariya iki ilə yaxındır ki, öz atını yaşayıb-oxuduğu Londona köçürüb. “Hazırda Rusiyadan at ixrac etmək çətindir və bahadır, lakin bu mümkündür", - nəşrin həmsöhbətlərindən biri qeyd edib.

“Qrefin qızının sakitcə neytral status alması sanksiya rejimində səhvdir. Sanksiyalar elitaya – onların aktivlərinə və həyat tərzinə zərbə vurmaq məqsədi daşıyırdı. Amma təcrübədə çox vaxt onlar yalnız formal təsir bağışlayır. German Qref uzun müddətdir ki, sanksiyalar altındadır, qızı Mariya isə bahalı atlar yetişdirməkdə problem görmür və tamamilə adi həyat sürür. Hər şey qaydalara uyğundur: o, sanksiyalara məruz qalmayıb, siyasi bəyanatlar səsləndirmir, Rusiya bayrağını qaldırmır, lakin gerçəkdə atasının vəzifəsi hesabına yaradılmış resurslardan istifadə etməkdə davam edir”Ş – deyə “Transparency International”ın nümayəndəsi İlya Şumanov vurğulayıb. 

Onun sözlərinə görə, sanksiyaların ciddi zəifliyi ondan ibarətdir ki, “qara siyahılar”a düşmüş şəxslərin yaxınlarına təsir etmir.

Xatirə SADİQ