“Şimali Koreyanın bu hərəkəti dayandırılmalıdır” - ABŞ Dövlət Depatrtamenti
“Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etməklə Şimali Koreya döyüşlərin uzanmasına kömək etdiyindən qan tökülməsinə görə məsuliyyət daşıyır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs brifinqdə deyib.
“Bu, olduqca sadədir. Şimali Koreya faydalı deyil. Onlar kömək etmirlər. Bu qırğına töhfə verən başqa ölkələr də var və onların hərəkətləri onun davam etməsini mümkün edir. Şimali Koreya kimi üçüncü ölkələr Rusiya-Ukrayna müharibəsini əbədiləşdiriblər və buna görə də onlar məsuliyyət daşıyır”, - deyə sözçü vurğulayıb
O, əlavə edib ki, ABŞ Şimali Koreyanın müharibədə birbaşa iştirakından narahatdır:
“Şimali Koreya kontingentinin Rusiyada yerləşdirilməsi və bunun müqabilində Rusiya Federasiyasının KXDR-ə göstərdiyi istənilən dəstək dayandırılmalıdır”.
Brüs xatırladıb ki, Rusiyanın Şimali Koreya əsgərlərinə təlim keçməsi BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini birbaşa pozur. Bu qətnamələrin hamısı KXDR-ə hərbi təlim və ya yardımın göstərilməsi və ya alınmasına geniş qadağa qoyur.
Qeyd edək ki, aprelin sonunda Şimali Koreya lideri Kim Çen In Ukraynaya qarşı müharibə üçün Rusiyaya qoşun göndərdiyini təsdiqləyərək bunun KXDR və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi müddəalarına uyğun olduğunu bildirib.
Rusiya prezidenti Vladimir Putin də Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə ölkəsinin tərəfində iştirakını təsdiqləyib və KXDR əsgərlərinə “təşəkkür” edib.
ABŞ buna “narahatlıqla” reaksiya verdi, Avropa İttifaqı isə “Rusiyanın çarəsizliyi” adlandırdı.
Xatirə SADİQ