Şimali Koreya dronların kütləvi istehsalına keçmək niyyətindədir
Şimali Koreyada kamikadze hücum dronlarının sınağı keçirilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə KCNA-ya istinadən “Amerikanın səsi” məlumat yayıb.
Şimali Koreyanın dövlət mediasının yaydığı məlumatda bildirilib ki, pilotsuz uçuş təyyarələri müxtəlif marşrutlar üzrə uçub və hədəfləri dəqiq vurub. Agentlik vurulmuş “BMW” markalı avtomobilin və partladılmış köhnə model tankların fotoşəkillərini dərc edib.
Kim Çen In silahların hazırlanması prosesindən məmnunluğunu ifadə edib. O, dronların istehsalının ucuz olduğunu, müxtəlif hərbi fəaliyyətlər üçün istifadə oluna biləcəyini deyərək, pilotsuz təyyarələrin kütləvi istehsal sistemini tezliklə qurmaq və tam miqyaslı kütləvi istehsala keçmək zərurətini vurğulayıb.
Qeyd edək ki, Pxenyanın bu hərbi sınağı ABŞ, Cənubi Koreya və Yaponiyanın qabaqcıl döyüş təyyarələri və ABŞ təyyarədaşıyıcısının iştirakı ilə yaxınlıqdakı beynəlxalq sularda birgə hərbi təlimlər keçirməsi fonunda baş verib.
Xatirə SADİQ