Sülh “istəyən” Rusiya bu gecə Xarkova və Odessaya hücum etdi
Ukrayna prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı ilə görüşmək üçün Vaşinqtona uçduğu anlarda Rusiya Ukraynanın Xarkov və Odessa şəhərlərinə hücum edib.
SAVASHMEDİA.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.
Məlumata görə, Rusiya ordusu dörd “Granium-2” dronu ilə Xarkovun sənaye məhəlləsini vurub. Hücum nəticəsində 6 bina və 15 avtomobil zərər çəkib. Partlayış birinci, üçüncü və beşinci mərtəbələrdəki mənzillərdə yanğının baş verməsinə və dağıntılara gətirib çıxarıb.
Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, həlak olanların sayı 6-ya yüksəlib, təxminən 20 nəfər yaralanıb. Həlak olanların arasında 1,5 yaşlı qız və 16 yaşlı oğlan da var. İtkilərin sayı arta bilər.
Xarkov meri İqor Terexov bildirib ki, avqustun 18-i Xarkovda həlak olanlar üçün matəm günü elan edilib.
Odessa kənarına dronların hücumu nəticəsində isə yanacaq-energetika infrastrukturu obyektində və ikimərtəbəli binada yanğın baş verib. Xilasedicilər güclü yanğını tez bir zamanda söndürüblər. İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur.
Xatirə SADİQ