ABŞ BMT-dən tamamilə çıxacaq?

ABŞ Konqresində ölkənin 2025-ci ildən etibarən BMT-dən tamamilə çıxmasını təklif edən qanun layihəsi təqdim edilib.

Feb 21, 2025 - 13:44
ABŞ BMT-dən tamamilə çıxacaq?

SAVASHMEDİA.az bu barədə “Fox News” telekanalına istinadən xəbər verir.

Məlumata əsasən, layihənin müəllifi Yuta ştatından olan senator-respublikaçı Mayk Lidir. Layihədə ölkənin BMT və bütün əlaqədar qurumlardan çıxmasını və onların fəaliyyəti üçün maliyyəni kəsməsini nəzərdə tutulur.

“Birləşmiş Millətlər Təşkilatı tiranların oyun meydançasına, Amerika və onun müttəfiqlərinə hücum yerinə çevrilib. Biz buna görə ödənişi dayandırmalıyıq. İndi prezident Tramp Amerikanı birinci yerə qoyaraq xarici siyasətimizdə inqilab edərkən, biz bu saxta təşkilatdan çıxmalı və millətimizin təhlükəsizliyi və rifahı üçün işləyən real ittifaqlara üstünlük verməliyik”, - deyə Li vurğulayıb.

Məlum olub ki, Texasdan olan respublikaçı Çip Roy da belə layihəni Nümayəndələr Palatasına çıxarmaq istəyir. 

Çip Roy öz layihəsini BMT-nin “heç nə vermədiyi” ilə əsaslandırır. 

“Bütün pula və diqqətə baxmayaraq, bu korrupsioner qlobal təşkilat onilliklər ərzində müharibələrin, soyqırımların, insan hüquqlarının pozulmasının və hətta pandemiyanın qarşısını ala bilməyib”, - deyə Roy vurğulayıb. 

O, fələstinli qaçqınlara dəstək üçün xüsusi agentlik olan, bəzi əməkdaşlarının  “HƏMAS”ın İsrailə hücumunda iştirak etmiş ola biləcəyini UNRWA ilə qalmaqalı xatırladıb. 

Daha 10-a yaxın respublikaçı layihəni dəstəklədiklərini bəyan ediblər.

Xatırladaq ki, fevralın əvvəlində Tramp ölkəsini ikinci dəfə BMT-nin İnsan Haqları Şurasından çıxardı. 

Xatirə SADİQ