"Xeyr, belə bir şey olmayıb, təsdiqləmirəm" - Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidentinin xüsusi elçisi Kit Kelloqun Ukrayna üzrə Rusiya-Amerika danışıqlarından kənarlaşdırılması ilə bağlı xəbərləri təkzib edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Jurnalistlərə müsahibəsi zamanı Peskovdan Amerika tərəfinin Kelloqu danışıqlardan kənarda qoyması barədə məlumatı təsdiqləməsi istənilib.
“Xeyr, mən təsdiq edə bilmərəm. Rusiya tərəfinin Amerikanın daxili işlərinə qarışa biləcəyini düşünmək, yəqin ki, cəfəng olardı: bizim heç bir niyyətimiz yoxdur. Və biz deyirik ki, istənilən münasibət qarşılıqlı hörmət əsasında qurulmalıdır. Qarşılıqlı hörmətdən çıxış edəndə isə, əlbəttə, biz amerikalıların daxili mətbəxinə qarışmayacağıq. Bu, onların qərarıdır: kimi təyin etmək, kimi təyin etməmək. Buna görə də yox, mən bunu heç təsdiqləyə bilmərəm”, - deyə Peskov vurğulayıb.
Amerikanın “NBC News” telekanalı xəbər verib ki, Kelloq ABŞ-Rusiya və ABŞ-Ukrayna danışıqlarında iştirak etməyib, çünki Putin onu çox ukraynayönlü hesab edir.
Xatirə SADİQ