Su tariflərinə yenidən baxılacaq

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq.

Oct 10, 2024 - 23:41
Su tariflərinə yenidən baxılacaq

SAVASHMEDiA.az-ın xəbərinə görə, bu, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.

Strategiyaya əsasən, bu məqsədlə 2024-2027-ci illərdə müxtəlif istehlakçılar arasında sudan ödənişli istifadə üzrə tarif tənzimləmələrinin başa çatdırılması, tariflərin diferensiallaşdırılmasına keçidlə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması planlaşdırılır.

Bunun üçün “Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları”nın təkmilləşdirilməsi, sudan ödənişli istifadə üzrə tariflərə yenidən baxılması nəzərdə tutulur. Beləliklə, xərclərə əsaslanan tariflərə mərhələli keçidlə bağlı regionların müəyyənləşdirilməsi, tariflərin diferensiallaşdırılması və pilot layihə çərçivəsində tətbiqi təmin olunacaq. 

Yekunda ayrı-ayrı regionlarda xərclərə əsaslanan tariflərin tətbiqinə keçid və diferensiallaşdırılmış tarif siyasətinin regional miqyasda tətbiqi üzrə sosial-iqtisadi effektivliyin qiymətləndirilməsi və tətbiqinin davamlı genişləndirilməsi mümkün olacaq.