"Təəssüf hissi ilə bildirmək istəyirəm ki..." - Elçin Ağamalı

"Təəssüf hissi ilə bildirmək istəyirəm ki,  partiyamızın son qurultayından sonra sıravi partiya üzvlərimiz arasında qeyri-müəyyənlik və narazılıq dalğası meydana gəlmişdir". 

Nov 17, 2025 - 16:23
"Təəssüf hissi ilə bildirmək istəyirəm ki..." - Elçin Ağamalı

SAVASHMEDİA.az-ın xəbərinə görə, bunu Ana Vətən Partiyasının sonuncu qurultayında sədr seçildiyini iddia edən, sabiq deputat Fəzail Ağamalının oğlu Elçin Ağamali bildirib.

O, daha sonra əlavə edib: "Bunun nəticəsi olaraq Salyan və Neftçala rayon təşkilatından olan 44 nəfər partiya üzvü üzvlükdən azad olunmağa dair müraciət etmişdir. Ərizələrin Ədliyyə Nazirliyinə göndərilərək dövlət reyestrində müvafiq qeydlərin aparılması məndən xahiş olunmuşdur. Ərizələr eyni zamanda partiyanın təşkilat şöbəsinə təqdim olunacaqdır.

Dəyərli rayon (şəhər) təşkilatımızın rəhbərləri və üzvləri, hüquqi mübarizəmiz davam edir və yeni yaranmış şərtlərə uyğun olaraq və rayonlarda partiya üzvü olmayan şəxslərin iştirakı ilə yaradılan saxta rayon (şəhər) təşkilatları ilə bağlı Ədliyyə Nazirliyinə və Məhkəməyə müvafiq müraciətlər yaxın günlərdə olunacaqdır. Sizdən təmkin göstərməyi və hüquqi mübarizəmizin yekununu gözləməyi xahiş edirəm. 

Bütün hallarda yekun qərarı birlikdə verəcəyik".

Xatırladaq ki, bir müddət əvvəl AVP-nin qurultayında ciddi insident yaşanıb. Partiya sədri Fəzail Ağamalı qurultayda qızı Günay Ağamalının sədr seçilməsini dəstəklədiyini bildirib və istefa verdiyini açıqlayıb. Lakin qurultay iştirakçılarının böyük qismi onun oğlu Elçin Ağamalını dəstəkləyib.

Gərginliyin artması fonunda Fəzail Ağamalı qurultayı yarımçıq dayandırıb. Ardınca Günay Ağamalı atasının faktiki olaraq istefa vermədiyini bəyan edib. 

Daha sonra Fəzail Ağamalının oğlu Elçin Ağamalı proseslə bağlı müvafiq dövlət qurumlarına müraciət etdiyini açıqlayıb.

Oğuz