Tiflisdəki etiraz aksiyasında 43 nəfər saxlanılıb – Gürcüstan DİN
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tiflisin Rustaveli prospektində keçirilən etiraz aksiyası zamanı 43 nəfərin saxlanıldığını bildirib.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə “News Georgia” portalı məlumat yayıb.
Saxlanılan şəxslərin hamısı polisin tələblərinə tabe olmamaqda və xırda xuliqanlıqda – İnzibati Xətalar Məcəlləsinin 166 və 123-cü maddələri ilə ittiham olunurlar
DİN-in məlumatına görə, nümayişçilər polisə şüşə butulkalar, daşlar, metal əşyalar və pirotexniki vasitələr atıb, həmçinin infrastruktura, yol örtüyünə, müşahidə kameralarına ziyan vurub, bəzi obyektləri yandırıblar. Barrikadalar quraraq Tiflis meriyasının əmlakına və fərdi şəxslərə ziyan vurublar.
Məlumatda 32 polis əməkdaşının xəsarət aldığı vurğulanıb, amma tibbi yardıma ehtiyacı olan nümayişçilərin və jurnalistlərin sayı göstərilməyib.
Mitinqdə qeydə alınan qanun pozuntuları faktları əsasında əşyaların zədələnməsi və ya məhv edilməsi, polis əməkdaşına xəsarət yetirmə maddələri ilə də cinayət işi başlanıb.
Qeyd edək ki, Baş nazir İrakli Kobaxidze Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqlara başlamaqdan imtina etdiyini elan etdikdən sonra axşam saatlarında minlərlə insan kortəbii şəkildə parlament qarşısında toplaşıb. Axşam saat 9-a qədər etirazçılar Rustaveli bağlayıblar, sonra isə parlamentə xidmət girişlərinin yerləşdiyi digər bitişik küçələri zəbt ediblər.
Gecə yarısından sonra nümayişçilərin dağıdılması məqsədilə xüsusi texnikadan istifadə edilməyə başlanılıb. DİN bunu aksiyanın dinc toplantılar çərçivəsindən kənara çıxması ilə izah edib. Gecə saat 2-də etirazçıların dağıdılması və kütləvi həbslər başlayıb.
Gürcüstanın ictimai müdafiəçisi Levan İoselianinin sözlərinə görə, nümayiş dinc şəraitdə keçib, polisin hərəkətləri nəticəsində sərbəst toplaşmaq azadlığı pozulub. Gürcüstan KİV-ləri etirazçıların, o cümlədən jurnalistlərin və siyasətçilərin döyülməsi ilə bağlı çoxsaylı görüntülər yayıb.
Xatirə SADİQ