Tramp administrasiyasına qarşı məhkəmə iddiası
ABŞ-də federal qulluqçuların 3 həmkarlar ittifaqı prezident Donald Trampın administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.

SAVASHMEDİA.az “Axios”a istinadən xəbər verir ki, buna səbəb Maliyyə Nazirliyinin zəruri prosedurlar olmadan məxfi məlumatları İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə paylaşması olub.
Nəşr yazır ki, bazar ertəsi Kolumbiya Dairəsinin federal məhkəməsinə təqdim olunan iddiada göstərilib ki, maliyyə naziri Skott Bessent hökumətin mühasibat uçotunu, mərkəzi ödəniş sistemlərini və dövlət borcunu idarə edən Fiskal Xidmət Bürosuna giriş icazəsini DOGE nümayəndələrinə verib.
Şikayətdə deyilir ki, Mask və DOGE-nin digər üzvləri bir müddət Büronun qeydlərinə giriş əldə etməyə çalışsalar da, o vaxt quruma rəhbərlik edən şəxsdən imtina cavabı alıblar.
“Maliyyə naziri kimi and içdikdən sonra bir həftə ərzində cənab Bessent bu dövlət qulluqçusunu məzuniyyətə göndərdi və DOGE ilə əlaqəli şəxslərə Büronun məlumatlarına və onların saxlandığı kompüter sistemlərinə tam giriş imkanı verdi. O, ictimaiyyətə açıqlama vermədən, heç bir hüquqi əsaslandırma və ya izahat vermədən və agentliyin açıqlama siyasətini dəyişdirmək üçün qanunla tələb olunan prosesə əməl etmədən bunu edib. İnsanların şəxsi həyatına müdaxilənin miqyası böyükdür və görünməmiş dərəcədədir”, - deyə şikayətdə deyilir.
Tramp administrasiyasının nümayəndələri qarşıdakı məhkəmə prosesinə görə bu məsələ barəsində şərh verməkdən imtina ediblər.
Xatirə SADİQ